...

Ombudsman ana ilə oğulu görüşdürdü

Cəmiyyət Materials 11 Yanvar 2011 17:00 (UTC +04:00)
Ombudsman Gəncə şəhər sakininin ərizəsi ilə bağlı araşdırma aparıb.
Ombudsman ana ilə oğulu görüşdürdü

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Ombudsman Gəncə şəhər sakininin ərizəsi ilə bağlı araşdırma aparıb.

Ombudsman Aparatının mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumata görə, Gəncə şəhər sakini olan ana insan hüquqları üzrə müvəkkil Elmira Süleymanovaya ərizə ilə müraciət edərək, oğlunun yanvarın 6-da polis əməkdaşları tərəfindən tutulduğunu və Tovuz rayon Polis Şöbəsində (RPŞ) saxlanıldığını bildirib.

O, oğlunun tutulmasının səbəblərini öyrənmək, onunla görüşmək istədiyini bildirsə də, həmin RPŞ-dən ona heç bir məlumatın verilmədiyini vurğulayıb, bu məsələnin aydınlaşdırılmasında ombudsmanın kömək göstərməyini xahiş edib.

Müvəkkilin tapşırığına əsasən, ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları yanvarın 10-da Tovuz RPŞ-yə baş çəkib və məsələni araşdırıblar.

RPŞ-nin müvəqqəti saxlama təcridxanasında (MST) müvafiq sənədlərlə tanışlıq zamanı müəyyən edilib ki, ərizəçinin oğlu polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığı üçün barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati protokol tərtib edilib və Tovuz rayon məhkəməsinin 6 yanvar tarixli qərarına əsasən, o, həmin maddə ilə təqsirli bilinərək yeddi gün müddətinə inzibati qaydada həbs edilib.

Ombudsmanın nümayəndələri MST-də onunla görüşərək təkbətək söhbət aparıblar. Saxlanılan şəxs inzibati xəta törətdiyini etiraf edib, MST əməkdaşları tərəfindən ona qarşı hər hansı zorakılıq hərəkətlərinə yol verilmədiyini, qida ilə təmin edildiyini söyləyib, valideynlərinin onun tutulmasından xəbərdar olduqlarını, lakin görüşə bilmədiklərini vurğulayıb.

Gəncə Regional Mərkəzinin əməkdaşları Tovuz rayon məhkəməsinin adıçəkilən qərarının surətini götürüb, ərizəçiyə onun oğlunun tutulmasının səbəbləri barədə məlumat veriblər.

Tovuz RPŞ MST-nin rəhbərliyinə ombudsmanın nümayəndələri tərəfindən irad tutulduqdan sonra ərizəçinin öz oğlu ilə görüşü baş tutub.

Xəbər lenti

Xəbər lenti