...

Azərbaycan ombudsmanı baş prokurora və daxili işlər nazirinə müraciət edib

Cəmiyyət Materials 17 Yanvar 2011 14:16 (UTC +04:00)
Ombudsman Elmira Süleymanova müraciətində məsələnin tam və hərtərəfli yoxlanılmasını, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmasını və qanun çərçivəsində cəzalandırılmasını, nəticəsi barədə məlumat verilməsini xahiş edib.
Azərbaycan ombudsmanı baş prokurora və daxili işlər nazirinə müraciət edib

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan ombudsmanı Bakıda polislər tərəfindən döyülərək öldürülən şəxslə bağlı məlumatların yoxlanılması üçün baş prokurora və daxili işlər nazirinə müraciət edib.

Ombudsman Elmira Süleymanova müraciətində məsələnin tam və hərtərəfli yoxlanılmasını, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmasını və qanun çərçivəsində cəzalandırılmasını, nəticəsi barədə məlumat verilməsini xahiş edib. Bu barədə Ombudsman Aparatının mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, son günlər Elvin Əsgərovun Nizami rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən döyülərək öldürülməsi ilə bağlı məlumat yayılıb. Həmin məlumatlarda yanvarın 13-də saat 02:00 radələrində "Neon Palace" şadlıq sarayının yaxınlığında, Mikayıl Əliyev küçəsi, 15 ünvanında restorandan çıxan bir qrup şəxsin Çevik Polis Alayının əməkdaşları tərəfindən zorakılığa məruz qaldığı, polis əməkdaşlarının gənclərin polis bölməsinə getmələrini tələb etdikləri, onların isə heç bir qanunsuz hərəkətə yol vermədikləri üçün bölməyə getmək istəmədikləri bildirilir.

Məlumatlarda bundan sonra polislərin onların ünvanına nalayiq ifadələr işlətdiyi, ardınca da Elvin Əsgərovun polislərdən birini bıçaqladığı, bölməyə aparılarkən yolda onların polislər tərəfindən döyüldüyü, nəticədə Anar Qəniyevin qolundan zədələndiyi, Əsgərovun isə ağır yaralandığı üçün 3 saylı Sabunçu xəstəxanasına çatdırıldığı, lakin orada onun həyatının xilas edilməsinin mümkün olmadığı qeyd edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə (315.2-ci) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti