...

20 Yanvar faciəsinin ildönümü ilə bağlı Rumıniyada tədbir keçirilib

Cəmiyyət Materials 20 Yanvar 2011 16:42 (UTC +04:00)
Azərbaycanın Rumıniyadakı səfirliyi tərəfindən 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
20 Yanvar faciəsinin ildönümü ilə bağlı Rumıniyada tədbir keçirilib

Azərbaycan, Bakı, 20 yanvar /Trend/

Azərbaycanın Rumıniyadakı səfirliyi tərəfindən 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Bu barədə cümə axşamı səfirliyin məlumatında deyilir.

Tədbirdə Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri və idarə heyətinin üzvləri, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyası və Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, türk-tatar icmalarının, qeyri-hökumət təşkilatlarının əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdən əvvəl iştirakçılar 20 Yanvar faciəsini əks etdirən fotoguşə ilə tanış olublar. Sonra 20 Yanvar şəhidlərinin ruhu birdəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Rumıniyadakı səfiri Eldar Həsənov 1990-cı il 20 Yanvar tarixində Sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi bu vəhşi və qəddar aksiya barədə ətraflı məlumat verib, dinc və silahsız əhalinin, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan Vətən övladlarının vəhşicəsinə gülləbaran edildiyini diqqətə çatdırıb. Həmin hadisələrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə siyasi qiymət verildiyini bildirən səfir ulu öndərin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək Sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyini vurğulayıb.

Sonra mərasim iştirakçıları "Qanlı Yanvara aparan yol" sənədli filminə baxıblar.

Səfirlik tərəfindən 20 Yanvar faciəsinin səbəblərini və nəticələrini özündə əks etdirən geniş press-reliz Rumıniyadakı bütün səfirlik və beynəlxalq təşkilatların nümayəndəlikləri, Rumıniyanın nazirlik və digər dövlət strukturları və qeyri-hökumət təşkilatları arasında yayılıb. Rumıniya KİV-də 20 Yanvar faciəsi ilə bağlı məqalələr dərc etdirilib.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Azərbaycana qarşı hərbi əməlliyatlara başlayıb. Azərbaycan Baş Prokurorluğunun rəsmi məlumatına görə, istintaqla müəyyən edilib ki, törədilən cinayət nəticəsində 132 nəfər qətlə yetirilib, 612 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, yüzlərlə bina dağıdılıb, dövlətə və vətəndaşlara külli miqdarda ziyan dəyib.

Xəbər lenti

Xəbər lenti