...

Azərbaycanda tibb işçilərinin xəstələrə dərman aldırması hallarına rast gəlinir - səhiyyə naziri

Cəmiyyət Materials 3 Fevral 2011 10:52 (UTC +04:00)
Trend-in məlumatına görə, bu barədə səhiyyə naziri Oqtay Şirəliyev Səhiyyə Nazirliyində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məsələlərinə həsr olunmuş iclasda bildirib.
Azərbaycanda tibb işçilərinin xəstələrə dərman aldırması hallarına rast gəlinir - səhiyyə naziri

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda tibb işçiləri tərəfindən xəstələrə, onların yaxınlarına dərman aldırılması hallarına rast gəlinir.

Trend-in məlumatına görə, bu barədə səhiyyə naziri Oqtay Şirəliyev Səhiyyə Nazirliyində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məsələlərinə həsr olunmuş iclasda bildirib, məlumatı naziriliyin rəsmi saytı yayıb.

Nazir deyib ki, xəstəxanaların kifayət qədər dərman preparatları və sarğı materialları ilə təmin olunmasına baxmayaraq, hələ də belə arzuolunmaz faktlara rast gəlinir.

"Bu barədə nazirliyə müraciətlər hələ də daxil olur. Xüsusilə də doğum evlərində xəstələrdən və onların qohumlarından müxtəlif bəhanələrlə qeyri-rəsmi ödənişlərin tələb olunması halları da var. Belə hallara qarşı mübarizə aparılmalıdır", - səhiyyə naziri vurğulayıb.

Şirəliyev xəstəxanalarda sanitariya-epidemioloji rejimə nəzarətin gücləndirilməsi, səliqə-sahmana, təmizliyə və nizam-intizam qaydalarına riayət olunmasının vacibliyini də vurğulayıb.

Nazirliyin struktur bölmələrinin rəhbərlərinə xəstəxanaların fəaliyyətinin ciddi nəzarətdə saxlanılması, mütəmadi reydlərin aparılması, aşkar edilmiş nöqsanların qısa müddətdə aradan qaldırılması üçün konkret tədbirlərin görülməsi tapşırılıb.

Xəbər lenti

Xəbər lenti