Azərbaycan, Bakı, 17 fevral /Trend/
Bakıda 5 qeyri-hökumət təşkilatı Türk Xalqlarının Vətəndaş Cəmiyyəti Forumunu (TXVCF) təsis edib.
Bununla bağlı cümə axşamı Trend Beynəlxalq İnformasiya Agentliyinin mətbuat mərkəzində mətbuat konfransı keçirilib.
Formun təsisçiləri "Demokratik Azərbaycan Naminə", "Demokratik İslahatçı Gənclər", "Sağlam İnkişaf və Maarifləndirmə", "Yeni Həyat" Humanitar və Sosial Dayaq və "Bakı Gənclər Klubu" ictimai birlikləridir.
Forumun əlaqələndiricisi Vüsalə Hüseynova yaratdıqları yeni qurumun siyasi təşkilat olmadığını, forumun türkdilli xalqların vətəndaş cəmiyyəti institutlarının bir qurumda cəmlənməsi niyyəti ilə yaradıldığını deyib.
Onun sözlərinə görə, Forum bütün türkdilli dövlətləri və respublikaları əhatə edəcək. Foruma qoşulmaq üçün müxtəlif türk respublikalarındakı QHT-lərdən 88 müraciət məktubu daxil olub.
Qurum türk respublikalarındakı müxtəlif problemləri qabartmaq, ortaq türk dili və türk əlifbasının yaradılmasına cəhd göstərmək, türk xalqlarının tarixini, mədəniyyətini öyrənmək və təbliğ etmək, türk xalqlarının birliyi ideyasını təbliğ edən elektron və yazılı çap məhsulları təsis etmək və hazırlamaq məqsədilə yaradılıb.
Yeni yaradılmış qurum bu il Türk Xalqlarının Vətəndaş Cəmiyyətlərinin I Bakı Forumunu keçirməyi planlaşdırır.
Tədbirdə RF Tatarıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəsi Nail Zaripov, Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsi İsmayıl Çalışkan forumun günümüz üçün zəruriliyindən danışıblar.