...

Azərbaycanda plüralist medianın formalaşması dövlət və cəmiyyət tərəfindən qəbul olunan əsas prinsipdir – Prezident Administarsiyası

Cəmiyyət Materials 2 Mart 2011 11:19 (UTC +04:00)
Azərbaycanda plüralist medianın formalaşması dövlət və cəmiyyət tərəfindən qəbul olunan əsas prinsipdir.
Azərbaycanda plüralist medianın formalaşması dövlət və cəmiyyət tərəfindən qəbul olunan əsas prinsipdir – Prezident Administarsiyası

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda plüralist medianın formalaşması dövlət və cəmiyyət tərəfindən qəbul olunan əsas prinsipdir. Trend-in məlumatına görə, bu barədə "Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı Azərbaycan Prezidenti Adminsitrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev deyib.

"Media ilə dövlət orqanları arasında əlaqələr qurulur və genişləndirilir. Bu əlaqələrin təkmilləşməsi üçün tədbirlər həyata keçirilir. Bu da cəmiyyətin mənafeyinə xidmət edir", - Mehdiyev əlavə edib.

Mehdiyev hesab edir ki, 1998-ci ildə senzuranın ləğv edilməsi plüralist medianın inkişafında mühüm addım olub.

"Bundan əlavə, Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması da dövlətin medianın işinə müdaxiləsinin qarşısını alıb. Bununla yanaşı, dövlət media ilə əlaqələrini kəsməyib və lazımi dəstəyi verir", - o, vurğulayıb.

PA rəsmisi bildirib ki, bu gün Azərbaycanda 4300-dən çox KİV və 50-dən artıq informasiya agentliyi müvafiq qurumlarda qeydiyyatdan keçib.

"Qeydiyyatdan keçən mətbu orqanların çox hissəsi indi fəaliyyət göstərməsə də, ictimaiyyətin informasiya ehtiyacının ödənilməsində KİV-in rolu əvəzsizdir", - Mehdiyev qeyd edib.

O, qeydiyyatdan keçmiş bəzi mətbu orqanların fəaliyyət göstərməməsinin səbəbini də açıqlayıb.

"Buna səbəb KİV-in maddi-texniki bazasının zəifliyi və peşəkar kadrların çatışmazlığı və bundan irəli gələn digər amillərdir. Bu istiqamətdə dövlət orqanları öz üzərinə düşən işləri görür. Lakin hələ görüləsi işlər çoxdur. Buna görə də müxtəlif tədbirlər həyata keçirərək problemləri aradan qaldırmağa çalışırıq. Mətbuatın işinin yaxşılaşdırılması, cəmiyyətin mənafeyinə uyğun şəkildə tənzimlənməsi üçün dövlət üzərinə düşən vəzifələri yerinə yetirəcək", - Mehdiyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti