...

Azərbaycanda toyuq yumurtasının qiymətinin süni şəkildə qaldırılması faktı ilə bağlı cinayət işi başlanıb

Cəmiyyət Materials 11 Mart 2011 20:15 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən toyuq yumurtası bazarında yumurtanın istehsalı və satışının qanunauyğunluğu vəziyyəti araşdırılıb və yumurtanın pərakəndə satış qiymətlərinin hər on ədəd üçün 2010-cu ilin mart ayında 0,93 manat təşkil etdiyi halda, 2010-cu ilin dekabr ayınadək bu qiymətlərin tədricən 1,61 manata kimi artması müəyyən edilib. Bu barədə Azərbaycan Baş Prokurorluğu və nazirliyin birgə məlumatında deyilir
Azərbaycanda toyuq yumurtasının qiymətinin süni şəkildə qaldırılması faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan, Bakı, 11 mart /Trend/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən toyuq yumurtası bazarında yumurtanın istehsalı və satışının qanunauyğunluğu vəziyyəti araşdırılıb və yumurtanın pərakəndə satış qiymətlərinin hər on ədəd üçün 2010-cu ilin mart ayında 0,93 manat təşkil etdiyi halda, 2010-cu ilin dekabr ayınadək bu qiymətlərin tədricən 1,61 manata kimi artması müəyyən edilib. Bu barədə Azərbaycan Baş Prokurorluğu və nazirliyin birgə məlumatında deyilir.

Bundan sonra, 2011-ci ilin fevral-mart aylarında toyuq yumurtasının pərakəndə satış qiymətlərində kəskin artım baş verib, fevral ayının 1-dən martın 3-dək olan müddət ərzində isə artım daha çox olub və on ədəd toyuq yumurtasının qiyməti 1,61 manatdan 2,28 manatadək artaraq 0,67 manat bahalaşıb.

Aparılan araşdırmalar göstərib ki, yumurta bazarında əsas paya malik olan şirkət və fərdi sahibkarlar məhsullarının qiymətlərini eyni vaxtda qaldırıblar. Nəticədə yumurtanın pərakəndə satış qiymətlərində də fevral-mart ayları ərzində 41,6 faiz artım baş verib. Bununla da bu təsərrüfat subyektləri tərəfindən razılaşdırlmış hərəkətlərə (kartel sövdələşməsinə) yol verilməklə "Antiinhisar fəaliyyəti haqqında" qanunun tələbləri pozulub.

Toyuq yumurtası bazarında aparılan araşdırmanın nəticələri ilə bağlı müvafiq material toplanaraq hüquqi qiymət verilməsi məqsədi ilə Baş Prokurorluğa göndərilib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində aparılmış araşdırma zamanı toplanmış materialda Cinayət Məcəlləsinin 199-cu (inhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinin əlamətləri müəyyən edildiyindən faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti