...

Azərbaycanda palçıq vulkanı yeraltı təkanlar səbəbindən püskürüb

Cəmiyyət Materials 14 Mart 2011 12:26 (UTC +04:00)
Azərbaycanın Qobustan ərazisində palçıq vulkanının püskürməsi yeraltı təkanlar səbəbindən baş verib.
Azərbaycanda palçıq vulkanı yeraltı təkanlar səbəbindən püskürüb

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Qobustan ərazisində palçıq vulkanının püskürməsi yeraltı təkanlar səbəbindən baş verib. Bunu Trend-ə bazar ertəsi Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun Palçıq vulkanizmi bölməsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Adil Əliyev bildirib.

Onun sözlərinə görə, bu ərazidə mütəmadi qeyd olunan yeraltı təkanlar hər zaman palçıq vulkanlarının püskürməsinə səbəb ola bilər.

"Hazırda AMEA Geologiya İnstitutunun əməkdaşları Şıxzəyirli və digər palçıq vulkanlarında araşdırmalar aparırlar ", - Əliyev deyib.

Martın 13-də səhər saatlarında Qobustan rayonunun Şıxzəyirli kəndi yaxınlığında Şıxzəyirli palçıq vulkanının püskürməsi nəticəsində külli miqdarda palçıq lavası ətraf ərazilərə axıb və partlayış nəticəsində torpaq üzərində 40-50 santimetrlik çatların əmələ gəlib.

Vulkan püskürərkən alovun hündürlüyü 60-70 metrədək qalxıb, istilik isə 3 kilometr məsafəyədək hiss olunub. Hazırda palçıq vulkanının müxtəlif yerlərindən səs-küylə müşayiət olunan qaz çıxır və alovun hündürlüyü 2 metrə çatır. Təqribən 6-7 ildən bir aktivləşən Şıxzəyirli palçıq vulkanı sonuncu dəfə 2005-ci ildə püskürüb.

Xəbər lenti

Xəbər lenti