...

Azərbaycanda qadın hüquqları ilə bağlı qanunvericiliyə dəyişikliklər paketi hazırlanır

Cəmiyyət Materials 28 Mart 2011 17:13 (UTC +04:00)
İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsinin icraçı direktoru Emin Aslanov Trend-ə bildirib ki, təşkilat ekspert qrupu ilə birgə Ailə, Mülki-Prosessual, Cinayət məcəllələrinə və Məhkəmə qərarlarının icrası haqqında qanuna zəruri əlavə və dəyişikliklər paketi hazırlayır.
Azərbaycanda qadın hüquqları ilə bağlı qanunvericiliyə dəyişikliklər paketi hazırlanır

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda qadın hüquqları ilə bağlı qanunvericiliyə dəyişikliklər paketi hazırlanır.

İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsinin icraçı direktoru Emin Aslanov Trend-ə bildirib ki, təşkilat ekspert qrupu ilə birgə Ailə, Mülki-Prosessual, Cinayət məcəllələrinə və Məhkəmə qərarlarının icrası haqqında qanuna zəruri əlavə və dəyişikliklər paketi hazırlayır.

Onun sözlərinə görə, paketin yaxın vaxtlarda ictimai müzakirəsinə start veriləcək.

Paketə İctimai Ailə Məhkəməsinin yaradılması, nikah yaşlarının artırılması, boşanmanın mürəkkəbləşdirilməsi, dövlət aliment fondunun yaradılması, alimenti könüllü ödəməyən valideyn üçün müxtəlif formalı cəzaların tətbiqi və s. daxildir.

İcraçı direktorun sözlərinə görə, qanunvericiliyə təkliflər komitənin həyata keçirdiyi "Qadın hüquqlarının müdafiəsinin məhkəmələrdə monitorinqi" layihəsi çərçivəsində apardığı araşdırmanın nəticələri əsasında hazırlanıb.

Layihə çərçivəsində təşkilat yarım il müddətində Bakı şəhərində qadınların tərəf olduqları 100-ə yaxın məhkəmə prosesini monitorinq edib, məhkəmə proseslərində vəkillik və nümayəndəlik fəaliyyətini həyata keçirən hüquqşünaslarla qadın hüquqlarının müdafiəsində olan nəzəri və praktik problemlərlə bağlı sorğu-müsahibələr aparıb, müxtəlif ölkələrin ailə qanunvericiliyini öyrənib.

Aslanovun verdiyi məlumata görə, layihə çərçivəsində görülmüş işlərin nəticəsi olaraq indidən demək olar ki, məhkəmələrdə nikahın pozulması, əmlak və aliment tələbi ilə bağlı işlərə baxılmasında vəziyyət ürəkaçan deyil. Qadınların məhkəməyə müraciət etməsi, məhkəmənin ailənin qorunub saxlanmasında rolu, dövlət büdcəsi hesabına yüksəkkeyfiyyətli hüquqi yardımla təmin olunma, uşaqlara aliment verilməsi ilə bağlı məhkəmə qərarlarının icra edilməsi və s. məsələlərdə kifayət qədər problemlər mövcuddur.

"İş axtarmaq üçün müxtəlif xaricə ölkələrə gedərək sonradan qayıtmayan kişilərin həyat yoldaşları uzun illərdir ki, faktiki boşanma vəziyyətində yaşayırlar. Boşanmış ailələrin əksəriyyətində uşaqlar maddi və mənəvi sıxıntı içində olurlar. Bu vəziyyətin bir səbəbi də qadınların uşaqlarına görə aliment ala bilməməsidir. Hazırda alimentlə bağlı məhkəmə qərarlarının icra edilməməsi çox ciddi sosial problemə çevrilib", - Aslanov vurğulayıb.

O qeyd edib ki, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin məlumatına görə, idarədə 2009-cu ilin 6 ayında alimentlə bağlı 22.268 iş olub. Bu isə ümumi işlərin 37 faizini təşkil edir. 2009-cu ilin 6 ayı ərzində alimenti verməkdən boyun qaçıran 184 nəfər barəsində inzibati tənbeh tədbirləri görülüb, 37 nəfər barəsində isə cinayət işi başlayıb.

Aslanovun sözlərinə görə, qadınlar boşanma prosesində özlərindən asılı olmayaraq keçmiş ərlərinin qanuni gəlirlərini sübut edə bilmir və bu səbəbdən də alimentin zəruri məbləğdə tələb edilməsində çətinliklər yaranır. Boşanan ərin rəsmi iş yerinin olmaması, yaxud belə iş varsa da, ancaq əməkhaqqının cüzi hissəsinin rəsmi, əsas hissəsinin isə qeyri-rəsmi olması ona gətirib çıxarır ki, məhkəmə alimentin məbləğini yaşayış üçün zəruri olan məbləğdən də az tutmaq məcburiyyətində qalır.

"Təcrübə göstərir ki, maddi, mənəvi və hüquqi köməkdən məhrum olan qadınların əksəriyyəti insan alverinin qurbanına çevrilmə təhlükəsi qarşısında qalırlar. Belə qadınlar uşaqlarını lazımi səviyyədə tərbiyə və himayə edə bilmədiklərindən uşaqlar özləri erkən yaşlarından işləməyə, dilənməyə və s. istismara məruz qalırlar", - komitə rəsmisi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti