...

Türkiyənin Azərbaycandakı səfirliyində azərbaycanlıların soyqırımına həsr olunmuş filmin təqdimatı keçirilib

Cəmiyyət Materials 30 Mart 2011 14:41 (UTC +04:00)
Çərşənbə günü Türkiyənin Azərbaycandakı səfirliyində azərbaycanlıların soyqırımına həsr olunmuş filmin təqdimatı keçirilib.
Türkiyənin Azərbaycandakı səfirliyində azərbaycanlıların soyqırımına həsr olunmuş filmin təqdimatı keçirilib

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir M.Əliyev/

Çərşənbə günü Türkiyənin Azərbaycandakı səfirliyində azərbaycanlıların soyqırımına həsr olunmuş filmin təqdimatı keçirilib. Trend-in məlumatına görə, film Türkiyənin dövlət televiziyası TRT tərəfindən hazırlanıb.

Təqdimat mərasimində Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib ki, türklər öz tarixinə sahib çıxmalı, onu dərindən öyrənməlidirlər. Onun sözlərinə görə, Azərbaycanla Türkiyənin bir mövqedən çıxış etməsi diaspor fəaliyyətində də öz əksini tapmalıdır. "Bir millətin iki diasporu ola bilməz", - səfir qeyd edib.

Kılıçın sözlərinə görə, mətbuat nümayəndələri bu birliyin yaranmasında xüsusi yer tutmalıdırlar və bu işdə onların üzərinə böyük iş düşür.

Səfir onu da qeyd edib ki, Türkiyə 1990-cı illərin əvvəllərindən Ermənistanla sərhədlərini məhz Azərbaycanla qardaşlığı üstün tutduğu üçün bağlayıb. "Türkiyə hər zaman Azərbaycanın yanında olub və olacaq", - Kılıç vurğulayıb.

Təqdimatda çıxış edən millət vəkili Qənirə Paşayeva belə filmlərin dünyanın hər yerindəki türklərə bu soyqırımı çatdırmaqda böyük önəm daşıdığını bildirib.

"Dünyada ermənilərin yaymağa cəhd etdiyi saxta "soyqırım"ların qarşısı alınmalıdır", - o qeyd edib. Paşayeva bildirib ki, filmdə ötən əsrin əvvəllərindən başlayaraq, Azərbaycan xalqına qarşı törədilən cinayətlər öz əksini tapır. Millət vəkili qeyd edib ki, hər iki ölkənin diaspor nümayəndələri ermənilərlə savaşa dəstək olmalıdır.

Paşayeva onu da bildirib ki, Nuri Paşanın rəhbərliyi ilə Azərbaycana Türk İslam Ordusunun gəlişi sübut etdi ki, bizim millətimiz birdir.

1918-ci ilin mart ayında hakimiyyəti ələ keçirmiş daşnaklar Stepan Şaumyanın rəhbərliyi ilə Azərbaycan xalqına qarşı amansız soyqırım törədiblər. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmana əsasən, 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun məlumatına görə, martın 24-dən başlayaraq bir neçə gün ərzində Azərbaycan ərazisində 700 min nəfər soyqırıma məruz qalıb, Şamaxının 75, Qubanın 122, Zəngəzurun 115 kəndi ermənilər tərəfindən tamamilə məhv edilib.

Xəbər lenti

Xəbər lenti