Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir T.Hacıyev/
Ukraynada 31 mart soyqırımına həsr olunmuş tədbir keçirilib. Trend-in məlumatına görə, Azərbaycan səfirliyinin və diaspor nümayəndələrinin, gənclərin və tələbələrin qatıldığı anım mərasimi Kiyev şəhərindəki Səməd Vurğun adına kitabxanada keçirilib.
Ukrayna Azərbaycanlı Gənclər Birliyindən cümə günü Trend-ə bildirilib ki, tədbirdə Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Yeganə Qafqazlı ermənilərin son 2 əsrdə Azərbaycan xalqına qarşı həyata keçirdikləri mərhələli soyqırım və işğalçılıq siyasətini tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıb. Mərasimdə Ukrayna Azərbaycanlıları Konqresinin nümayəndələrindən Akif Gülməmmədov, Həbib Əliyev, Əbülfəz Qasımov və digər şəxslər çıxış edərək ermənilərin ötən əsrin əvvəllərindən başlayaraq, Azərbaycanın bir çox bölgələrində kütləvi qırğınlar törətdiklərini bildiriblər, erməni daşnaklarının 1914-cü ildən 1918-ci ilədək Qubada, Bakıda, Zəngəzurda Şamaxıda və Naxçıvanda xalqımıza qarşı törətdikləri qətliamlardan danışıblar.
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov öz çıxışı zamanı qeyd edib ki, beynəlxalq təşkilatların və dünya birliyinin erməni vəhşiliyinə biganə yanaşması təəssüf doğurur. O, 1998-ci ildə ulu öndər Heydər Əliyevin sayəsində o dövrlər xalqımızın başına gətirilən vəhşiliklərə hüquqi-siyasi qiymət verilməsini müdrik və uzaq görən siyasətin bariz nümunəsi kimi səciyyələndirib.
Sonra tədbir iştirakçıları ermənilərin son iki əsirdə azərbaycan xalqına qarışı həyata keçirdikləri soyqrım siyasətini özündə əks etdirən sənədli filmə baxıblar.
Daşnak erməni silahlı dəstələri 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı soyqırımı aktı həyata keçiriblər. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.