...

Londonda Azərbaycan haqqında bələdçi kitabın təqdimatı keçirilib

Cəmiyyət Materials 8 Aprel 2011 17:48 (UTC +04:00)
Azərbaycanın Böyük Britaniyadakı səfirliyində "Kuperard" nəşriyyatı tərəfindən nəşr olunmuş "Culture Smart Azerbaijan" bələdçi kitabçasının təqdimat mərasimi keçirilib.
Londonda Azərbaycan haqqında bələdçi kitabın təqdimatı keçirilib

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Böyük Britaniyadakı səfirliyində "Kuperard" nəşriyyatı tərəfindən nəşr olunmuş "Culture Smart Azerbaijan" bələdçi kitabçasının təqdimat mərasimi keçirilib. Trend-in səfirliyə istinadən verdiyi məlumata görə, tədbirdə Londonda akkreditə olunan səfirlər, diplomatik korpusun təmsilçiləri, "Kuperard" nəşriyyatının əməkdaşları, mətbuat nümayəndələri və səfirlik əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan səfir Fəxrəddin Qurbanov nəşr olunmuş kitabçanın ölkəmizə səfər edəcək şəxslər üçün faydalı mənbə olacağını bildirib. Qurbanov bu il Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinin qeyd edildiyini, həmçinin, cari ilin ölkəmizdə "Turizm ili" elan olunduğunu, bu baxımdan nəşrin hər iki əlamətdar hadisəyə layiqli töhfə olduğunu vurğulayıb. Azərbaycanın zəngin turizm potensialından söz açan səfir bu sahənin prioritet sahələr arasında olduğunu və cari il ərzində turizm infrastrukturunun inkişafı ilə bağlı bir sıra tədbirlərin həyata keçiriləcəyini nəzərə çatdırıb. O, bu kimi nəşrlərin ölkəmizin tanıdılması və təbliği işinə töhfə verəcəyinə inandığını əlavə edib.

Daha sonra "Kuperard" nəşriyyatının nümayəndəsi, kitabın redaktoru Ceffri Çesler çıxış edərək, "Culture Smart" seriyasından nəşr edilmiş kitabçaların, o cümlədən Azərbaycanla bağlı nəşr edilmiş kitabçanın əsasən ölkənin adət-ənənə və mədəniyyətini oxuculara çatdırmağa çalışdığını, bu baxımdan Britaniya ictimaiyyətinin bu kitabdan faydalanacağına ümidvar olduğunu qeyd edib. O, müsəlman Şərqində ilk demokratik respublikanın, opera və baletin məhz Azərbaycanda yaradıldığını qeyd edib, müasir Azərbaycanın sürətlə inkişaf edərək beynəlxalq səviyyədə öz nüfuzunu artırdığını nəzərə çatdırıb.

İştirakçılara "Culture Smart Azerbaijan" kitabçaları paylanıb və tədbir ziyafətlə davam etdirilib.

Xəbər lenti

Xəbər lenti