...

Əyyub Quliyev Arturo Toskanini Filarmoniya Orkestrinin konsertini dirijorluq etmişdir

Cəmiyyət Materials 16 Aprel 2011 19:56 (UTC +04:00)
Roma şəhərinin "Olimpiko" teatrında Arturo Toskanini Filarmoniya Orkestrinin konserti keçirilmişdir
Əyyub Quliyev Arturo Toskanini Filarmoniya Orkestrinin konsertini dirijorluq etmişdir

Roma şəhərinin "Olimpiko" teatrında Arturo Toskanini Filarmoniya Orkestrinin konserti keçirilmişdir, bu barədə şənbə günü Trend-ə Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib.

Orkestrə çoxsaylı beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 23 avqust 1998-ci ildəki sərəncamı ilə adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"-na yazılmış Əyyub Quliyev dirijorluq etmişdir.

Əyyub Quliyev ötən ilin 5-16 oktyabr tarixlərində Parmada keçiriliən dirijorların beynəlxalq Arturo Toskanini müsabiqəsində qalib gələrək münsiflər heyətinin yekdil qərarı ilə müsabiqənin Cüseppe Sinopolinin adını daşıyan birinci mükafatına layiq görülmüşdür.

20 ildən bəri heç kimin qazana bilmədiyi mükafatı əldə etməklə Əyyub Quliyev Arturo Toskanini Filarmonik Orkestrinin bu il keçiriləcək İtaliyanın Roma, Bolonya və Parma şəhərlərində, eləcə də İspaniyanın Madrid şəhərində keçiriləcək konsertlərində dirijorluq etmək hüququ qazanmışdır.

Romada keçirilən ilk konsertə eyni zamanda Azərbaycanın İtaliyadakı Səfirliyi öz dəstəyini vermişdir. Konsertdən əvvəl təşkil edilmiş açılış mərasimini giriş sözü ilə açan Roma Filarmoniya Akademiyasının direktoru Sandro Kappelletto Əyyub Quliyevin gənc və istedadlı maestro kimi Azərbaycan və onun hüdudlarında əldə etdiyi uğurlardan söhbət açmışdır.

Mərasimdə həmçinin Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov çıxış etmiş gənc dirijor Əyyub Quliyevin sənətinə verilən yüksək qiymətə görə İtaliya ictimaiyyətinə təşəkkürünü bildirmiş və Əyyub Quliyevə bundan sonrakı fəaliyyətində də uğurlar arzulamışdır.

Xəbər lenti

Xəbər lenti