Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir M.Əliyev/
Avqust-sentyabrda Azərbaycanda sorğu keçiriləcək. Sorğunun məqsədi ölkədə demoqrafik vəziyyəti və əhalinin sağlamlıq durumunu müəyyən etməkdir. Bu barədə Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Töhfə Cəmilova deyib.
Onun sözlərinə görə, sorğu iki istiqamət - ev təsərrüfatlarında yaşayan sosial qrupların sorğusu və qadınların fərdi sorğusu üzrə aparılacaq. "Sorğuya Bakı və səkkiz regiondakı bütün ev təsərrüfatları cəlb ediləcək. Bu ev təəsrrüfatlarında 15-49 yaşlı qadınlar və onların beş yaşınadək olan uşaqlarının da sorğusu keçiriləcək", - Cəmilova bildirib. Qadınlar üçün anketlərə doğma və ya oğulluğa və qızlığa götürülən uşaqlarla, onların veneroloji xəstəliklər barədə məlumatlı olub-olmamaları ilə bağlı suallar daxil ediləcək.
Demoqrafiya və sağlamlıq məsələlərinə həsr edilən sorğu Mərkəz tərəfindən Nazirlər Kabinetinin Səhiyyə Nazirliyinə verdiyi tapşırığa əsasən, "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı" çərçivəsində keçiriləcək.
Şöbə müdirinin sözlərinə görə, iyulda müsahiblər üçün treninqlər, avqust-sentyabrda isə sorğular keçiriləcək.
Onun sözlərinə görə, sorğunun nəticələri səhiyyədə, təhsildə, demoqrafik siyasətdə problemlərin həlli üçün vacibdir.
Azərbaycanda ilk dəfə belə sorğu 2006-cı ildə Dövlət Statistika Komitəsi tərəfindən "Macro International" tədqiqatların aparılması üzrə beynəlxalq təşkilatla birgə keçirilib.