Azərbaycan, Bakı, 22 aprel /Trend/
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ombudsman Aparatı, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası və Azərbaycan Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində ictimai nəzarətin daha da gücləndirilməsi" mövzusunda birgə müşavirə keçirib.
Trend-in Əmək Nazirliyinin ictimaiyyətlə əlaqələr sektoruna istinadən verdiyi məlumata görə, ümumilikdə 20-dən çox QHT rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə son 3 ayda əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi, bu sahədə şəffaflığın artırılması, ictimai nəzarətin və korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi sahəsində nazirlik tərəfindən görülmüş çoxsaylı işlər müzakirə edilib.
Müşavirənin gedişatında "Tərəqqiyə Elmi Dəstək" İctimai Birliyi tərəfindən ölkə əhalisi arasında ünvanlı sosial yardımın təyinatında şəfaffığın təmin edilməsi vəziyyətinin öyrənilməsi məqsədilə keçirilmiş müstəqil sorğunun nəticələri təqdim edilib. Sorğunun nəticələrinə əsasən, ünvanlı sosial yardımların təyin edilməsi və ödənilməsində müsbət istiqamətdə dəyişikliklər qeydə alınıb.
Müşavirənin sonunda nazirliyin fəaliyyətində ictimai nəzarətin gücləndirilməsi, QHT ilə birgə layihələrin təşkili və müvafiq normativ hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə aidiyyətə dövlət qurumları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən ibarət "İctimai Şura"nın yaradılması barədə qərar qəbul edilib.