...

Azərbaycanda məhkəmələrə əfv hüququndan məhrum etmək səlahiyyətinin verilməsi təklif olunub

Cəmiyyət Materials 26 Aprel 2011 15:26 (UTC +04:00)
Azərbaycanda məhkəmələrə bəzi ağır cinayətlərə görə cəzalandırılan şəxsləri əfv hüququndan məhrum etmək səlahiyyətinin verilməsi təklif olunur.
Azərbaycanda məhkəmələrə əfv hüququndan məhrum etmək səlahiyyətinin verilməsi təklif olunub

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda məhkəmələrə bəzi ağır cinayətlərə görə cəzalandırılan şəxsləri əfv hüququndan məhrum etmək səlahiyyətinin verilməsi təklif olunur.

Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin çərşənbə günü keçirilən iclasında millət vəkili Qüdrət Həsənquliyev çıxış edib.

"Bir çox Avropa ölkələrində bu praktika mövcuddur. Məsələn, Macarıstanda həmyerlimiz Ramil Səfərov məhkəmənin qərarı ilə əfv hüququndan məhrum edilib. Bu maddə tətbiq olunduqda, Prezident belə, əfv hüququndan məhrum edilmiş şəxsi bağışlaya bilməz", - millət vəkili bildirib.

Həsənquliyev zorlama, qəsdən adam öldürmə, azyaşlılara qarşı təcavüz və s. ağır cinayətlərə görə cəzaların sərtləşdirilməsini təklif edib.

Deputat Azərbaycanda Andlı İclaslar İnstitutunun yaradılması təklifi ilə çıxış edərək bildirib ki, bir çox ölkələrdə bu institutun tətbiqi effektli nəticələr verib.

Millət vəkili İlyas İsmayılov cəza qanunvericiliyinin humanistləşdirilməsinin tərəfdarı olmadığını və Cinayət Məcəlləsində dəyişikliklər edilən zaman ilk növbədə cəmiyyətin maraqlarının nəzərə alınmasını vacib sayır.

Deputat Rəfail Cəbrayılov da cəza qanunlarının sərtləşməsinə ehtiyac olduğunu bildirib. Millət vəkili azadlığın məhdudlaşdırılması cəzasının ləğvini və onun sərt cərimə cəzaları ilə əvəzlənməsini təklif edib.

Komitə sədri Əli Hüseynli təkliflərin nəzərə alınaraq Ali Məhkəmədə fəaliyyət göstərən işçi qrupuna təqdim olunacağını deyib.

Komitənin bu gün keçirilən iclasında "Cinayət Məcəlləsind dəyişikliklər edilməsi haqqında" və "Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihələri müzakirə olunub.

Cinayət Məcəlləsinə 101 maddəyə dəyişiklik təklif olunub.

Xəbər lenti

Xəbər lenti