...

"Ulu Heydər" kitabının təqdimatı keçirilib

Cəmiyyət Materials 6 May 2011 16:20 (UTC +04:00)
Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun Azərbaycandakı nümayəndəliyi şair-publisist Mirkazım Seyidovun "Ulu Heydər" kitabının təqdimatını keçirib.
"Ulu Heydər" kitabının təqdimatı keçirilib

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir T.Hacıyev/

Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun Azərbaycandakı nümayəndəliyi şair-publisist Mirkazım Seyidovun "Ulu Heydər" kitabının təqdimatını keçirib. Trend-in məlumatına görə, cümə günü keçirilən təqdimat mərasimində qeyd olunub ki, kitab ulu öndər Heydər Əliyevin qlobal fəaliyyətindən bəhs edir.

Tədbiri giriş sözü ilə tanınmış telejurnalist, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli açıb. O, ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində oynadığı mühüm roldan söz açıb.

Daha sonra "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edib. O da öz növbəsində bildirib ki, ümummilli lider Azərbaycanın ağır günlərində xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdaraq ölkəmizi həmin ağır durumdan xilas edib.

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev 1990-cı illərin əvvəllərində Azərbaycanın ağır siyasi və iqtisadi durumda olduğunu bildirib və qeyd edib ki, məhz həmin dövrdə ümummilli lider Heydər Əliyev öz uzaqgörən siyasəti nəticəsində Azərbaycanı belə ağır durumdan xilas edə bilib, həm də ölkəni davamlı inkişaf mərhələsinə çatdırmağa nail olub.

Çıxış edən digər şəxslər də Heydər Əliyevin Azərbaycan tarixində oynadığı roldan bəhs ediblər və qeyd olunub ki, nə qədər kitablar yazılsa da, hələ də Heydər Əliyev irsinin tam öyrənilməsinə nail olunmayıb.

Ümummilli lider Heydər Əliyev 1923-cü ilin may ayında dünyaya gəlib. 1969-cu ilin iyul ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. Onun ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycan iqtisadi inkişafına görə Sovet Sosialist Respublikaları İttifaqında (SSRİ) ən öndəgedən ölkələrdən birinə çevrilib. Müstəqillik dövründə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafında mühüm xidmətləri olub. Məhz onun hakimiyyəti dövründə Azərbaycan ciddi siyasi və iqtisadi böhrandan çıxaraq uğurlu inkişaf yoluna qədəm qoyub.

Xəbər lenti

Xəbər lenti