...

Azərbaycanda kadrların kənd təsərrüfatı, tikinti sahələri üzrə təkmilləşdirilməsinə ehtiyac var - təhsil naziri

Cəmiyyət Materials 10 May 2011 17:03 (UTC +04:00)
Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Azərbaycan hökuməti ilə qurduğu əməkdaşlıq nəticəsində indiyədək 70-dən çox azərbaycanlı gənc Almaniya universitetlərində təhsil alıb.
Azərbaycanda kadrların kənd təsərrüfatı, tikinti sahələri üzrə təkmilləşdirilməsinə ehtiyac var - təhsil naziri

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir İ.İsabalayeva/

Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Azərbaycan hökuməti ilə qurduğu əməkdaşlıq nəticəsində indiyədək 70-dən çox azərbaycanlı gənc Almaniya universitetlərində təhsil alıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu təhsil naziri Misir Mərdanov Almaniya-Azərbaycan Forumunun sədri, Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzerlə görüşündə deyib.

Nazir deyib ki, bu gün Azərbaycanda kadrların daha çox kənd təsərrüfatı, tikinti sahələri üzrə təkmilləşdirilməsinə ehtiyac var. O, bu istiqamətdə müvafiq qurumlarla birgə iş aparılmasının əhəmiyyətini qeyd edib.

Hauzer Azərbaycana peşə təhsili sahəsi üzrə ən çox ehtiyac duyulan istiqamətlərdə kadrların hazırlanması, ölkədə dual peşə təhsili sisteminin yaradılması təklifi ilə çıxış edib.

Fəxri konsul Almaniya tərəfinin Azərbaycana bu sahədə dəstək göstərməyə hazır olduğunu da söyləyib.

Mərdanov dual peşə təhsili sisteminin Azərbaycanda tətbiq olunması istiqamətində konkret təkliflərlə çıxış edib. Nazir ötən tədris ilində istifadəyə verilən İsmayıllı Peşə Təhsili Mərkəzinin yaradılması işində Avropa Komissiyası ilə birgə görülmüş işləri diqqətə çatdırıb.

Görüşdə Almaniyadan peşə təhsili üzrə bir qrup mütəxəssisin bu ilin yayında Azərbaycana səfəri, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün əhəmiyyətli olan "Almaniyada kənd təsərrüfatının əsasları" adlı iki kitabın Azərbaycan dilinə tərcümə edilməsi, dual peşə təhsili mərkəzinin yaradılması üzrə layihənin hazırlanması və bununla bağlı digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti