...

Azərbaycanda jurnalistlər üçün hüquq terminləri lüğəti nəşr edilib (FOTO)

Cəmiyyət Materials 12 May 2011 15:35 (UTC +04:00)
Bu gün "Jurnalistlər üçün hüquqi terminlər lüğəti"nin təqdimatı keçirilib. Trend-in məlumatına görə, nəşr Baş Prokurorluq, Azərbaycan Hüquqşünaslar Konfederasiyası və Mətbuat Şurası tərəfindən hazırlanıb.
Azərbaycanda jurnalistlər üçün hüquq terminləri lüğəti nəşr edilib (FOTO)

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün "Jurnalistlər üçün hüquqi terminlər lüğəti"nin təqdimatı keçirilib. Trend-in məlumatına görə, nəşr Baş Prokurorluq, Azərbaycan Hüquqşünaslar Konfederasiyası və Mətbuat Şurası tərəfindən hazırlanıb.

Mərasimdə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov çıxış edərək, son illər Azərbaycanda söz və mətbuat azadlığının inkişafı məqsədilə həyata keçirilən tədbirlərdən danışıb.

Sultanov qeyd edib ki, Azərbaycan Prezidentinin "Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması haqqında", "Mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri işçilərinin əmək haqlarının artırılması haqqında" və digər sərəncamları ölkəmizdə mətbuat azadlığının daha dolğun həyata keçirilməsinə əlverişli zəmin yaradıb.

Onun sözlərinə görə, mətbuat işçilərinin mütəmadi olaraq dövlət təltifləri ilə mükafatlandırılması, kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi ölkəmizdə jurnalist əməyinin qiymətləndirildiyini və mətbuatın dövlət qayğısından kənarda qalmadığını nümayiş etdirir.

Sultanov yeni çap olunan kitabın jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edəcəyinə əminliyini bildirib.

O, qeyd edib ki, jurnalistlər üçün hüquq terminləri lüğəti ilk dəfə 2005-ci ildə çap olunub.

Lüğətdə media qanunvericiliyinə və hüquqi-normativ aktların media ilə bağlı hissələrinə də geniş yer verilib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov Baş Prokurorluğun mətbuata ən açıq dövlət qurumlarından biri olduğunu vurğulayaraq, mətbuatla qurum arasında əlaqələrin inkişafı məqsədilə görülən işlərdən söz açıb.

O, gələn həftədən kitabın bütün kütləvi informasiya vasitələrinin redaksiyalarına pulsuz paylanacağını bildirib. Amaşov qeyd edib ki, kitabın təkrar nəşrinə ona əyani vəsait kimi media təmsilçilərinin artan tələbatı səbəb olub. MŞ sədri bu səbəbdən 1000 tirajla çap olunan yeni nəşrin sonradan təkrar dərc ediləcəyini deyib.

Amaşovun sözlərinə görə, MŞ ilə Azərbaycan Hüquqşünaslar Konfederasiyası arasında jurnalistlərin maarifləndirilməsi istiqamətində birgə tədbirlərin, layihələrin keçirilməsi barədə razılıq əldə olunub.

Onun sözlərinə görə, "Jurnalistlərin kitabxanası" seriyasından yeni kitabların nəşri də nəzərdə tutulub. Çap olunacaq kitablar arasında jurnalistika sahəsində tanınan yazarların əsərləri də yer alacaq.

Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri, millət vəkili Əli Hüseynli bu lüğətlə jurnalistlərin hüquqi terminləri düzgün istifadə etməmələri ilə bağlı iradlara son qoyulacağına ümidvar olduğunu deyib.

Onun sözlərinə görə, hüquqi mövzuda, cinayətkarlıqla mübarizə istiqamətində görülən işlər barədə yazılar ictimaiyyət üçün maraqlı olduğundan, oxunaqlıdır. Bu səbəbdən də yazılarda terminlərin düzgün istifadə edilməsi olduqca vacibdir.

Millət vəkili kitabın elektron versiyasının da hazırlanacağını deyib.

AHK-nın Mətbuat Şurası ilə əməkdaşlığı barədə danışan Hüseynli bildirib ki, gələcəkdə hüquq sahəsində yazan jurnalistləri həvəsləndirmək məqsədilə müsabiqələr təşkil olunacaq.

Konfederasiya rəhbəri AHK tərəfindən "Müasir Hüquq Ensiklopediyası"nın hazırlandığını, hüquq dərsliklərinə ehtiyacın ödənilməsi məqsədilə yeni dərsliklərin yazılacağını qeyd edib.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev söz və mətbuat azadlığının təmin edilməsinin dövlət siyasətinin prioritet sahələrindən olduğunu bildirib.

Əliyev Azərbaycanda 4500-ə yaxın kütləvi informasiya vasitəsinin, 40-dan artıq elektron KİV-in fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O deyib ki, bu sahənin inkişafı məqsədilə dövlət tərəfindən müvafiq tədbirlərin həyata keçirilir, ölkədə azad sözün, mətbuatın inkişafı məqsədilə lazımi şərait yaradılır.

Azərbaycan mediasında müəyyən problemlərin olduğunu deyən sektor müdiri yeni nəşrin bu problemlərin bir qisminin həllinə töhfə verəcəyinə əminliyini ifadə edib. Əliyev digər dövlət qurumlarının da bu istiqamətdə addım atmasını məqsədəuyğun sayıb.

Tədbirdə çıxış edən KİV rəhbərləri, jurnalistlər nəşrin əhəmiyyətindən danışıblar və qeyd ediblər ki, jurnalistikanın ayrı-ayrı sahələri üzrə bu qəbildən olan kitabların hazırlanması media sahəsindəki problemlərin həllində əhəmiyyətlidir.

Xəbər lenti

Xəbər lenti