Azərbaycan, Bakı, 12 may /Trend, müxbir T.Hacıyev/
Azərbaycanda deputatlarla jurnalistlər arasında futbol oyunu keçirilib. Trend-in məlumatına görə, cümə axşamı Tofiq Bəhramov adına respublika stadionunda baş tutan oyunda Yeni Azərbaycan Partiyasından millət vəkili Siyavuş Novruzov, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qudrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri, millət vəkil Fazil Mustafa, digər millət vəkilləri və Azərbaycanın tanınmış jurnalistləri iştirak ediblər.
Mətbuat Şurasının sədri Əflatun Amaşov Trend-ə açıqlamasında bildirib ki, bu tədbir Azərbaycan futbolunun 100 illiyinə həsr olunmuş tədbirlər planı çərçivəsində həyata keçirilir.
"İyunun 6-da Azərbaycan futbolunun 100 illiyi tamam olur. Bununla bağlı ilk görüş Azərbaycan polisləri ilə jurnalistlər arasında təşkil olunub. Bundan sonra veteran futbolçularla və Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə görüşlər təşkil edəcəyik", - o əlavə edib.
Görüş jurnalistlərin 5:4 hesablı qələbəsi ilə nəticələnib.