Azərbaycan, Bakı, 16 may /Trend, müxbir M.Əliyev/
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci il - "Turizm ili" çərçivəsində turizm sahəsi ilə bağlı QHT layihələrinin qəbulunu elan edir. Layihələr QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdiriləcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Şuradan bildirilib.
Müsabiqənin ümumi fondu 80 min manat təşkil edir. Ərizələr 16 may 2011-ci il tarixdən həftənin I-V günlərində (yalnız iş günləri) saat 10:00-dan 18:00-dək Şuranın ofisində qəbul olunur.
Şuraya təqdim edilən layihələr Azərbaycanın turizm potensialının öyrənilməsi və təbliği, Azərbaycanın turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkənin təbiət abidələrinin tanıdılması, Azərbaycanda yeni turizm marşrutlarının müəyyən edilməsi və tanıdılması, turizm təhsilinin gücləndirilməsinə yönəlmiş fəaliyyətlər, işğal edilmiş ərazilərin turizm potensialı və müharibə nəticəsində turizm sektoruna təsirin öyrənilməsi, ayrı-ayrı turizm növlərinin Azərbaycanda təbliğinə yönəlmiş fəaliyyətlər, Azərbaycanda turistlər üçün xalq yaradıcılığı işlərinin və suvenirlərin inkişafına yönəlmiş təşəbbüslər mövzularını əhatə etməlidir. Mövzular üzrə layihənin maksimum məbləği 5-6 min manat təşkil edə bilər.