...

Azərbaycanlı alimlər ingilis dilində əsər yazmağa dəvət ediliblər

Cəmiyyət Materials 17 May 2011 12:34 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə azərbaycanlı alimləri ingilis dilində elmi əsərlər yazmağa və onları beynəlxalq aləmə təqdim etməyə çağırıb.
Azərbaycanlı alimlər ingilis dilində əsər yazmağa dəvət ediliblər

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə azərbaycanlı alimləri ingilis dilində elmi əsərlər yazmağa və onları beynəlxalq aləmə təqdim etməyə çağırıb.

Trend-in məlumatına görə, Məmmədzadə bu çağırışla alimlərə çərşənbə axşamı İnformasiya Texnologiyaları İnstitutunda Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş tədbirdə müraciət edib.

"Alimlər daha çox ingilis dili, rus və bir qədər də türk dili vasitəsilə əsərlərini beynəlxalq aləmə təqdim edə bilərlər. Bu, bu günün çağırışıdır. Bizim ingilisdilli elmimiz olmalıdır. Bu halda Azərbaycan elmi daha da inkişaf edə bilər. Azərbaycan dilini mükəmməl bilən, amma informasiyasız olan alimlə müqayisədə ingilis dilini bilən alimin ölkəyə daha çox xeyri dəyə bilər", - Məmmədzadə deyib.

O əlavə edib ki, ötən il institutun alimləri tərəfindən 400 elmi məqalə çap olunub. Onların 100-ü xarici ölkələrin nəşrlərində dərc edilib.

"Bununla belə, bu gün alimlərin beynəlxalq konfranslarda çıxışları zəifdir. Beynəlxalq layihələrdə də iştirak etmək lazımdır. Hələlik 5-10, bəlkə də 20 nəfər bunu dərk edir. Bizim MDB məkanında reytinqimiz artır. Amma Avropanın fəlsəfə, elm məkanında da öz yerimizi tutmalıyıq", - institut direktoru əlavə edib.

Xəbər lenti

Xəbər lenti