...

Azərbaycanda Rusiya ilə mədəni əlaqələrin inkişafına xüsusi əhəmiyyət verilir - Əbülfəs Qarayev

Cəmiyyət Materials 19 May 2011 15:12 (UTC +04:00)
Azərbaycan son illərdə Rusiya ilə mədəni əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Bu, "ikitərəfli əlaqələrin həcminin artırılması üçün baza" yaradır.
Azərbaycanda Rusiya ilə mədəni əlaqələrin inkişafına xüsusi əhəmiyyət verilir - Əbülfəs Qarayev

Azərbaycan, Bakı, 19 may /Trend/

Azərbaycan son illərdə Rusiya ilə mədəni əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Bu, "ikitərəfli əlaqələrin həcminin artırılması üçün baza" yaradır. Buna xeyli dərəcədə böyük uğurla Azərbaycanda keçirilən "Rusiya İli" və Rusiyada təşkil edilən "Azərbaycan İli" xüsusi təkan verib. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Las-Veqasda İTAR-TASS agentliyinə müsahibəsində bildirib. O, Las-Veqasda (Nevada ştatı) keçirilən Ümumdünya Səyahət və Turizm Şurasının (QSTŞ) 11-ci sammitinin işində iştirak edir.

Qarayevin sözlərinə görə, mədəniyyət günləri və ya həftələrinin çərçivəsindən kənara çıxan illik dövr "əlaqələrimizə xüsusi əhəmiyyət verdi". Onun fikrincə, bu, "hər iki mədəniyyətin özlərini bir-birlərindən ayrı təsəvvür etməməsi" hissi ilə ifadə olunub.

Nazir çoxsaylı misallar gətirib. Belə ki, mayın 17-də Dövlət Kreml Sarayında Azərbaycan gecəsi keçirilib, orada hər iki ölkənin birinci xanımları iştirak edib. Bakıda Moskvada Çexov festivalında iştirak edən tamaşaların ilk nümayişi, Moskvada Böyük Teatrın səhnəsində Nizami Gəncəvinin poemasının motivləri əsasında məşhur Azərbaycan bəstəkarı Qara Qarayevin yazdığı "Yeddi gözəl" baletinin debütü, Marinisk Teatrı truppasının Bakıya bəstəkar Arif Məlikovun yubileyinə gəlişi yadda qalır. Bunlara respublikanın teatr kollektivlərinin Moskva, Sankt-Peterburq, Novosibirsk və Rusiyanın digər şəhərlərindəki festivallarda iştirakını, Yuri Başmetin rəhbərliyi ilə kollektivlərin klassik musiqi festivallarında iştirakını, birgə kino çəkilişlərini əlavə etmək olar.

O, respublikada "itirilməyən və yaşayan" rus dilinə hörmətli və diqqətli münasibəti qeyd etməyin vacibliyini bildirib. Qeyd etmək kifayətdir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra təhsilin rus dilində aparıldığı bir dənə məktəd də bağlanmayıb, bu dildə çap olunan nəşrlərin sayı artıb. "Biz rusiyalı tərəfdaşlarımızla ünsiyyətdə çətinlik hiss etmirik. Rusiyalı turistlər isə həmişə qeyd edirlər ki, Azərbaycanda hər yerdə ünsiyyət qurmaq və lazımi informasiyanı rus dilində əldə etmək mümkündür", - Qarayev bildirib. O, həmçinin hər iki dövlətin "turizm operatorları birlikləri arasında ciddi əməkdaşlığın" olduğunu, respublikaya istirahətə gələn rusiyalıların, bu məqsədlə Rusiyaya yollanan azərbaycanlıların sayının artdığını qeyd edib.

"Bizim mədəniyyətlərimiz yaxındır və artıq özlərini bir-birlərindən ayrı təsəvvür etmirlər. Son illərdə bu, özünü xüsusilə göstərir", - nazir deyib.

Xəbər lenti

Xəbər lenti