Azərbaycan, Bakı, 24 may /Trend/
Litva Jurnalistlər İttifaqının (LJİ) media nümayəndələri arasında keçirdiyi beynəlxalq futbol turnirində Azərbaycanın ilk dəfə iştirakı təşkilatçılar tərəfindən yüksək qiymətləndirilib.
Azərbaycandan gedən jurnalist qrupunun rəhbəri, Milli Olimpiya Komitəsinin üzvü Elnur Əşrəfoğlu çərşənbə axşamı Trend-ə bildirib ki, bu turnirdə iştirakımız Azərbaycandakı həqiqətlərin, xüsusilə də Dağlıq Qarabağ probleminin tanıdılmasında xüsusi önəm daşıdı.
"Turnirdə iştirak edən ölkələrin jurnalistlərinə Azərbaycandan gedən nümayəndə heyətinin hər bir üzvü Dağlıq Qarabağ həqiqətləri barədə məlumat verirdi. Regionu yaxşı tanımayan jurnalistlər Azərbaycanın təbii və coğrafi imkanları barədə məlumatlandırıldı", - Əşrəfoğlu bildirib.
Onun sözlərinə görə, Azərbaycanın "Eurovision 2011"-də qələbə qazanmasının ölkəmizin dünyada təbliğinə təsiri Litvada da müşahidə edildi.
"Digər ölkələrdən gələn jurnalistlər Azərbaycan nümayəndə heyətini "Eurovision 2011"-də qalib olmağımız münasibətilə təbrik edirdilər. Jurnalistlər "Eurovision 2012" müsabiqəsində iştirak etmək üçün Bakıya gələcəklərini bildirirdilər. "Evrovision 2011"-dən sonra Azərbaycana maraq daha böyük idi. Amma əsl dəstəyi Ukrayna və Belarus jurnalistlərindən aldıq. Onlara Qarabağ münaqişəsindən, Xocalı soyqırımından, torpaqlarımızın 20 faizinin erməni işğalında olması barədə məlumat verəndə, çoxlarının cavabı "Mı vse znaem, brat, i lyubim Azerbaydjan" (Biz hər şeyi bilirik və Azərbaycanı sevirik) olurdu", - Əşrəfoğlu deyib.
Litvanın Druskininkay turist zonasında təşkil edilən turnir ardıcıl olaraq 7-ci ildir keçirildiyindən, artıq ənənəyə çevrilib. Bu dəfə yarışa 7 ölkədən 9 komanda qatılıb.
Turnirdə Azərbaycanı Bakı jurnalistlər yığması təmsil edib.
Turnirdə Litva 2 komanda - Vilnüs və Kaunas jurnalistləri ilə təmsil olunub. Rusiya yarışa Bryansk və NTV+ telekanalının əməkdaşları ilə gəlib. Digər 5 ölkənin hərəsi isə turnirə 1 komanda ilə qatılır. Belə ki, Ukraynadan Lutsk, Latviyadan Riqa, Belarusdan Minsk, Polşadan Varşava jurnalistləri də yarışa gəliblər.
İlk oyundaca turnirin gələcək qalibi Polşaya son dəqiqələrdə buraxdığımız kuryoz qolla uduzsaq da, Bakı jurnalistlər yığması 8 turdan sonra 3-7-ci yerləri tutub.
Turnirin mükafatlandırılma mərasimi isə Druskininkayda məşhur istirahət mərkəzlərindən birində oldu ki, banketə şəhər meri Riçardas Marinauskas da qatılmışdı. O, bütün iştirakçılarla olduqca səmimi davransa da, "ayrı-seçkilik" edib əvvəlcə azərbaycanlılara yaxınlaşdı. Komandamızla xeyli söhbətləşən bu cavan oğlan Azərbaycanı növbəti turnirə elə indidən dəvət etdi. Mer etiraf edirdi ki, Azərbaycan digər iştirakçılarla müqayisədə Litvaya daha çox yol qət edən komanda idi və bunu alqışlamamaq mümkün deyil.
Bununla belə, Azərbaycan da fərqləndirilən komandalar arasında idi. Elnur Əşrəfoğlunun "Turnirin sürpriz komandası" nominasiyasında mükafatı alan zaman "İnşallah, növbəti il Azərbaycan çempion olacaq!" deməsi, yenə alqışlara səbəb oldu. Cavab isə konkret idi: Azərbaycan ilk cəhddə sürpriz komanda adını qazanıbsa, deməli, növbəti il qalib olmağınız sürpriz kimi qəbul edilməməlidir.
Turnirdə iştirak etmək üçün Azərbaycandan Litvaya gedən jurnalist qrupu göstərdiyi dəstəyə görə Azərbaycan Gənclər və İdman Nazirliyinə minnətdarlığını bildirir.