...

Azərbaycanın yeni tarixi yazılacaq

Cəmiyyət Materials 25 May 2011 12:44 (UTC +04:00)
Milli Elmlər Akademiyasının Tarix institutu Azərbaycanın yeni tarixini yazacaq.
Azərbaycanın yeni tarixi yazılacaq

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu Azərbaycanın yeni tarixini yazacaq.

Trend-in məlumatına görə, institutun direktoru Yaqub Mahmudov çərşənbə günü jurnalistlərə bildirib ki, artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb. Onun sözlərinə görə, yeni Azərbaycan tarixi üç cildlik olacaq, yaxın 5-6 ay ərzində cildlərin hazırlanmasına başlanacaq.

"Vaxtilə çapdan çıxan üç və yeddi cildlik Azərbaycan tarixi kitablarında bir sıra nöqsanlar var. İrəvan, Dərbənd xanlıqları Azərbaycan tarixinə daxil edilməyib, Borçalı və Cənubi Azərbaycan isə lazımı səviyyədə tədqiq edilməyib. Yeni tarixdə Azərbaycanın bütün tarixi torpaqları əhatə olunacaq", - Mahmudov deyib.

Tarix İnstitutunun direktoru onu da bildirib ki, artıq dörd cildlik "Azərbaycan xalqının soyqırımı" adlı sənəd toplusu hazırlanıb və yaxın günlərdə nəşrlər təqdim ediləcək.

Mahmudov əlavə edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin öyrənilməsi ilə bağlı çox işlər görülüb. Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin göstərişi ilə AXC-nin ensiklopediyası hazırlanıb.

"Tarix İnstitutunun Xalq Cümhuriyyəti bölməsi Azərbaycan tarixinin bu dövrünün daha geniş öyrənilməsi məqsədilə bir sıra ölkələrin arxivlərindən sənədlər gətirib. Yaxın vaxtlarda bu sənədlər vasitəsilə Cümhuriyyət dövrünün öyrənilməmiş məsələləri araşdırılaraq bu barədə kitab dərc olunacaq və Azərbaycan xalqına təqdim ediləcək", - Mahmudov bildirib.

Onun sözlərinə görə, bu sənədlər ingilis, fransız, rus dillərinə tərcümə ediləcək. "Beləliklə Cümhuriyyət dövrünün öyrənilməmiş məsələsi qalmayacaq", - institutun direktoru vurğulayıb.

Xəbər lenti

Xəbər lenti