Azərbaycan, Bakı, 31 may /Trend, müxbir T.Hacıyev/
Azərbaycanda "Tələbə baharı" adlı beynəlxalq musiqi festivalı keçirilib. Trend-in məlumatına görə, Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrin tələbələrinin iştirak etdiyi festival
Azərbaycan Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə baş tutub.
Festivalın keçirilməsində məqsəd tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirmək, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaq, onlara dövlət qayğısını artırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək, yrni ünsiyyət və əlaqələrin formalaşmasına şərait yaratmaqdır.
Gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında qeyd edib ki, festival 2006-cı ildən etibarən mütəmadi olaraq təşkil edilir və növbəti illərdə festivalda iştirak edən ölkələrin sayının artacağı gözlənilir. Bu ilki festivalda 20-dən çox ali təhsil müəsisəsindən 200-dən çox tələbə müxtəlif nominasiyalar üzrə festivala qatılıb.
Festivalda pop musiqisi, xalq mahnıları, caz musiqisi, klassik musiqi, estrada musiqisi, milli rəqslər, müasir rəqslər, bal rəqsləri üzrə tələbələr bacarıqlarını nümayiş etdiriblər.
Festivalın sonunda iştirakçılara sertifikatlar və qiymətli hədiyyələr verilib.