...

AMEA alimlər üçün yaşayış binası tikilməsini istəyir

Cəmiyyət Materials 6 İyun 2011 14:29 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru İlqar Orucov Trend-ə bildirib ki, yaşayış binasının tikintisi üçün onlar müvafiq qurumlara müraciət edəcəklər.
AMEA alimlər üçün yaşayış binası tikilməsini  istəyir

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası evsiz gənc alimlər üçün yaşayış binasının tikilməsini istəyir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru İlqar Orucov Trend-ə bildirib ki, yaşayış binasının tikintisi üçün onlar müvafiq qurumlara müraciət edəcəklər.

"Bizim 38-39 yaşında ailə qura bilməyən alimlərimiz var. Onlar mənzilləri olmadığından ailə qura bilmirlər. Bu gün elm sahəsində əməkhaqqı ilə mənzil almaq çox çətindir. Gənc alimlərin aldıqları məvacib bu gün onların sosial ipotekadan yararlanmasına da imkan vermir", - Orucov deyib.

Akademiya rəsmisi əlavə edib ki, iki əvvəl apardıqları sorğu əsasında 160-a qədər gənc alimin mənzilə ehtiyacının olduğunu müəyyənləşdiriblər.

AMEA evsiz alimləri mənzillə təmin etmək üçün hələ bir necə il əvvəl Şərifzadə küçəsindəki yataqxanasının həyətində iki hündürmərtəbəli binanın tikilməsi təşəbbüsü ilə cıxış etsə və bu layihə müəyyən instansiyalardan keçsə də, məsələ sonra həll edilməmiş qalıb.

Orucov AMEA-nın balansında olan torpaq sahələrinin də onlar tərəfindən istifadə edilə bilmədiyini söyləyib.

"Akademiyanın balansında olan torpaq sahələrinin əksəriyyəti zəbt edilib. "Qurd qapısı" tərəfdən Qanlı göl tərəfədək olan ərazilərin hamısı akademiyanın balansındadır. Həmin yerlər boyük ərazidir. Amma bu yerlər artıq əldən gedib, onları geri qaytarmaq da problemdir. Həmin ərazilər SSRİ dağıdıqdan sonra yaranmış hərc-mərclik zamanı zəbt olunub. Ulu öndər Heydər Əliyev akademiyanın əmlaklarının özəlləşdirilməsinin qeyri-mümkün olması barədə göstəriş verdikdən sonra bu proseslərə son qoyuldu. Amma o vaxtadək bu proseslər sürətlə gedirdi. Orda tikilən tikililər də həmin dövrdə inşa edilib. Hazırda həmin ərazidə restoranlar, iaşə obyektləri fəaliyyət göstərir", - AMEA səlahiyyətlisi qeyd edib.

Xəbər lenti

Xəbər lenti