...

TQDK Təhsil Nazirliyinə texniki kömək təklif edir

Cəmiyyət Materials 24 İyun 2011 13:39 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Təhsil Nazirliyinə (TN) orta məktəblərdə mərkəzləşdirilmiş buraxılış imtahanlarının keçirilməsində texniki kömək göstərməyə hazırdır.
TQDK Təhsil Nazirliyinə texniki kömək təklif edir

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Təhsil Nazirliyinə (TN) orta məktəblərdə mərkəzləşdirilmiş buraxılış imtahanlarının keçirilməsində texniki kömək göstərməyə hazırdır. Trend-in məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, TN müraciət edərsə, TQDK bu köməyi göstərə bilər.

"Təhsil Nazirliyində imtahan nəticələrinin yoxlanması proseduru yəqin ki, TQDK-dakı kimidir. Bəlkə də onların bununla bağlı təşkilati problemləri var. Əgər nazirlik texniki köməyə görə bizə müraciət edərsə, biz onlara yardım göstərərik", - Abbaszadə deyib.

O, bəzi yerlərdə imtahan nəzarətçilərinə əməkhaqqının ödənişinin gecikdirilməsində TQDK-nın heç bir rolunun olmadığını deyib. Abbaszadənin bildirdiyinə görə, bəzi hallarda məvaciblər bank filiallarının öz işini düzgün qurmaması səbəbindən gec verilir.

TQDK sədri bildirib ki, nəzarətçilərə əməkhaqqı kartlarla ödənilir. TQDK nəzarətçilərə ödənilməli olan maliyyə vəsaitini elə imtahan keçirildiyi gün hesablara keçirir. Müvafiq banklar isə bu məvaciblərin 3 gün ərzində ödənilməsi barədə zəmanət götürür.

Abbaszadə qeyd edib ki, 2011-2012-ci tədris ili üçün ali məktəblərin magistraturalarına qəbul imtahanının II mərhələsində xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslaşmaları seçən bakalavrlar bu il ilk dəfə olaraq, test tapşırıqlarını cavablandırmaq əvəzinə TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyalarında iyunun 17-dən 19-dək xüsusi qabiliyyət imtahanı veriblər. Həmin ixtisaslaşmalar musiqişünaslıq, aktyor sənəti, incəsənət və dizayn proqramlarına aiddir.

Xəbər lenti

Xəbər lenti