...

Azərbaycan Mətbuat Şurasının sədri Özbəkistanda beynəlxalq konfransda iştirak edib (FOTO)

Cəmiyyət Materials 28 İyun 2011 19:58 (UTC +04:00)
Əflatun Amaşov 23-26 iyun tarixlərində Özbəkistanın Səmərqənd şəhərində keçirilən "Medianın iqtisadi müstəqilliyinin möhkəmlənməsi demokratik və liberal islahatlarda hərəkətverici qüvvə kimi" mövzusunda beynəlxalq konfransda iştirak edib.
Azərbaycan Mətbuat Şurasının sədri Özbəkistanda beynəlxalq konfransda iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 28 iyun /Trend/

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov 23-26 iyun tarixlərində Özbəkistanın Səmərqənd şəhərində keçirilən "Medianın iqtisadi müstəqilliyinin möhkəmlənməsi demokratik və liberal islahatlarda hərəkətverici qüvvə kimi" mövzusunda beynəlxalq konfransda iştirak edib.

Şuradan Trend-ə verilən məlumata görə, MDB və Avropa ölkələrinin media sahəsində tanınmış ekspertlərinin iştirak etdiyi konfransda ölkəmiz həmçinin Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elxan Poluxovla da təmsil olunub.

Tədbirdə "Demokratik və liberal islahatlara nail olmaqda KİV-in rolu və yeri", "İnformasiya sahəsində iqtisadi mexanizmlərin inkişafı vasitəsilə KİV-in müstəqil və azad fəaliyyətinin möhkəmləndirilməsi", "KİV-ə dövlət himayəsinin gücləndirilməsi, onların maliyyə sabitliyinin və iqtisadi azadlıqlarının təmin edilməsi" mövzularında sessiyalar keçirilib. Azərbaycan təmsilçiləri bu məsələlərlə bağlı konfransda çıxış ediblər.

MŞ sədri Amaşov Daşkənddə müxtəlif görüşlər keçirib

Özbəkistanın Müstəqil Çap KİV-ləri və İnformasiya Agentliklərinin İnkişafına Dəstək İctimai Fondunda aparılan müzakirələr Mətbuat Şurası ilə bu qurum arasında əməkdaşlıq haqqında memorandumun imzalanması ilə yekunlaşıb. Sənədi MŞ sədri Əflatun Amaşov və İF-nin sədri Abdulaziz Abdullayev imzalayıblar. Sənədə uyğun olaraq, Azərbaycan və Özbəkistan mediası arasında çoxtərəfli əməkdaşlığı dərinləşdirmək məqsədi ilə təcrübə mübadiləsinin aparılması, birgə konfrans, "dəyirmi masa" və seminarların keçirilməsi, hər iki ölkənin tarixi, mədəniyyəti, sosial-iqtisadi inkişafı, ictimai həyatı ilə bağlı jurnalistlər arasında müxtəlif müsabiqələrin, digər birgə layihələrin təşkili, Azərbaycan mətbuatında Özbəkistan, Özbəkistan mətbuatında isə Azərbaycanla əlaqədar ən müxtəlif materialların çap olunması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti