...

Azərbaycanda orta məktəb direktorlarının işə qəbulu qaydalarına dəyişiklik edilib

Cəmiyyət Materials 30 İyun 2011 13:25 (UTC +04:00)
Azərbaycanda orta məktəb direktorlarının işə qəbul qaydalarına dəyişiklik edilib. Bunu Trend-ə Təhsil Nazirliyinin (TN) Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov deyib.
Azərbaycanda orta məktəb direktorlarının işə qəbulu qaydalarına dəyişiklik edilib

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda orta məktəb direktorlarının işə qəbul qaydalarına dəyişiklik edilib. Bunu Trend-ə Təhsil Nazirliyinin (TN) Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov deyib.

Onun sözlərinə görə, "Təhsil haqqında" qanunda təhsil müəssisələrinin rəhbərlərinin birbaşa nazirlik tərəfindən təyin edilməsi məsələsi öz əksini tapıb. Buna görə də artıq direktorluğa namizədlərin adları rayon təhsil şöbələri tərəfindən TN-ə təqdim edilir.

Qədirov deyib ki, müəllimlər kimi, direktor vəzifəsində çalışmaq istəyənlər də kompüter vasitəsilə imtahan verərək işə qəbul olunurlar. İmtahanda suallar təhsil və əmək qanunvericiliyi, idarəetmə, informasiya kommunikasiya texnologiyaları, məntiqlə bağlı olur.

"Direktorluğa namizədlər kompüter arxasında əyləşərək bu istiqamətlərdə suallara cavab verir və öz ballarını bildikdən sonra otağı tərk edirlər. Bundan sonra TN-də nazirin rəhbərlik etdiyi komissiya həmin namizədləri müsahibədən keçirir. Bunların hamısından müsbət rəy alan namizədlər direktor təyin edilirlər. Direktorluğa namizədlər üçün müsabiqə vakansiyalar yarandıqca, 2-3 aydan bir keçirilir. Sonuncu müsabiqə təxminən 1 ay əvvəl keçirilib. Bu müsabiqədə namizədlərin 50 faizindən çoxu imtahandan keçə bilməyiblər", - nazirlik rəsmisi qeyd edib.

Qədirovun sözlərinə görə, direktor vəzifəsində çalışmaq istəyənlər üçün işə qəbul qaydaları bundan sonra da təkmilləşdiriləcək. Bu yeniliklər prosesin gələcəkdə daha şəffaf, demokratik keçirilməsinə xidmət edəcək.

Nazirliyin şöbə müdiri əlavə edib ki, hazırda direktorluğa namizədlərin adları yerlərdən TN-ə daxil olur. Gələcəkdə isə TN direktorluğa namizədlərin bankını yaradacaq.

Bu bazanı yaratmaqda əsas məqsəd daim ehtiyat kadrların olmasını təmin, lazım olduqda onlardan istifadə etməkdir. Bununla yanaşı, TN ehtiyat direktor kadrları hazırlamaq məqsədilə xüsusi idarəetmə təlimləri təşkil etməyi nəzərdə tutur. Təlimlərə bu sahədə təcrübəsi olan direktor müavinləri, müəllimlər cəlb ediləcək.

"Direktor təyin ediləndə məktəb kollektivinin rəyi də rol oynayır. Əlbəttə, ehtiyat kadrdan istifadə etdikdə bütün nüanslar nəzərə alınacaq, ehtiyat kadrın bu məktəbə uyğunluğu, o kollektivlə işləyə bilib-bilməyəcəyi məsələləri götür-qoy ediləcək və daha sonra qərar qəbul olunacaq", - Qədirov əlavə edib.

Xəbər lenti

Xəbər lenti