...

Azərbaycan Mətbuat Şurası Müdafiə Nazirliyi ilə danışıqlar aparır

Cəmiyyət Materials 14 İyul 2011 16:27 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurası hərbi sahədə yazan jurnalistlərin biliklərinin artırılması üçün Müdafiə Nazirliyi ilə danışıqlar aparır.
Azərbaycan Mətbuat Şurası Müdafiə Nazirliyi ilə danışıqlar aparır

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Mətbuat Şurası hərbi sahədə yazan jurnalistlərin biliklərinin artırılması üçün Müdafiə Nazirliyi ilə danışıqlar aparır. Bu barədə cümə axşamı Trend-ə Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda hərbi sahədən yazan jurnalistlər olsa da, onların sayı azdır.

"Azərbaycanda bu gün 30 gündəlik qəzet çıxır. Çoxlu sayda həftəlik qəzet və jurnallar, televiziya və radiolar var. Təəssüf ki, bunların sayı qədər Azərbaycanda hərb sahəsindən yazan jurnalist yoxdur. Buna görə də Azərbaycan jurnalistlərinin hərb sahəsində də biliklərinin artırılması üçün Müdafiə Nazirliyi ilə danışıqlar aparılır", - Amaşov əlavə edib.

Şura sədri Azərbaycan torpaqlarının işğal altında olmasını xatırladıb və qeyd edib ki, bu səbəbdən də jurnalistlərin hərbi bilikləri yüksək olmalıdır.

"Azərbaycanın torpaqları işğal altındadır. Biz istənilən üsulla torpaqlarımızı azad etməliyik. Bu üsul müharibə də ola bilər. Ona görə də Azərbaycan jurnalistləri bu vəziyyətə hazır olmalıdırlar", - o deyib.

Amaşov jurnalistlərin təhlükəsizliyi məsələsinə də toxunub.

"Jurnalistlərin təhlükəsizliyi də bizim diqqətimizdən yayınmır. Biz mütəmadi olaraq jurnalistlərin təhlükəsizliyi barədə müəyyən tədbirlər həyata keçiririk. Müharibə baş verəcəyi təqdirdə, jurnalist döyüş bölgəsində baş verən hadisələri ictimaiyyətə ötürməlidir. Bunun üçün, ilk növbədə, jurnalistin təhlükəsizliyi təmin olunmalıdır. Bütün bunlar Mətbuat Şurasının diqqət mərkəzindədir", - MŞ sədri vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti