Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanın xüsusi təyinatlı ali təhsil müəssisələrinin III ixtisas qrupuna daxil olan ixtisasları üzrə sənəd vermiş abituriyentlərin nəticələri məlumdur.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2011-2012-ci tədris ili üçün Polis Akademiyası və Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına sənəd vermiş abituriyentlər arasında III ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən müsabiqə keçirilib.
Polis Akademiyasına keçid balı 435, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına isə 369 bal olub.
Müsabiqə nəticəsində Polis Akademiyasına qəbul olunmuş tələbələrin siyahısı Daxili İşlər Nazirliyinə, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına qəbul olunmuş tələbələrin siyahısı Milli Təhlükəsizlik Nazirliyinə göndərilib.
Adıçəkilən ali təhsil müəssisələrinə sənəd vermiş və müsabiqədən keçmiş tələbələr müvafiq olaraq Daxili İşlər Nazirliyinin Polis Akademiyasına və Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına müraciət edərək qeydiyyatdan keçməlidirlər.
Azərbaycanda III ixtisas qrupu üzrə qəbul imtahanı iyulun 3-də keçirilib.