...

"Eurovision-2011" mahnı müsabiqəsindəki qələbə bütün Azərbaycanın uğurudur

Cəmiyyət Materials 21 İyul 2011 18:58 (UTC +04:00)
"Eurovision-2011" mahnı müsabiqəsindəki qələbə bütün Azərbaycanın uğurudur
"Eurovision-2011" mahnı müsabiqəsindəki qələbə bütün Azərbaycanın uğurudur

AzərTAc-ın baş direktoru - Aslan Aslanov

Mayın ortalarında, tarixçilərin dili ilə desək, Köhnə dünyanın (hərçənd, bu ifadənin özündə aşkar bir yanlışlıq var, çünki əslində, Qoca Şərqin tarixi daha qədimdir), yəni Avropanın hər yerində günün əsas hadisəsinin - Almaniyanın Düsseldorf şəhərində keçirilən növbəti 56-cı "Eurovision" mahnı müsabiqəsinin olduğunu desək, yəqin ki, yanılmarıq.

Təmsilçiləri yarışmanın final mərhələsinə çıxmış bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da qocalı-cavanlı milyonlarla insan həmin gün, əgər yerli vaxtı da nəzərə alsaq, gecədən xeyli keçmiş televizorların ekranlarından gözlərini çəkmir, bu möhtəşəm şounun necə nəticələnəcəyini səbirsizliklə və çox böyük həyəcanla gözləyirdi.

Nəhayət, yarışma başa çatdı, qitənin hər yerindən gələn səslər hesablandıqdan sonra "Eurovision-2011"-in qalibi bəlli oldu. Bunlar Azərbaycan təmsilçiləri Eldar və Nigar idi. Bu, həm gözlənilməz, bəlkə də kimlərdəsə şok vəziyyəti yaradan hadisə, həm də gözlənilən qələbə idi. Azərbaycanı hələ də yaxından tanımayan, xalqımızın istedadına, qədim və zəngin mədəniyyətinə bələd olmayan insanlar üçün bu qələbə şübhəsiz ki, gözlənilməz oldu. Lakin bunun özü də bizim xeyrimizə, Azərbaycanın xeyrinə idi. Ölkəmizin təmsilçilərinin belə bir nüfuzlu müsabiqədəki uğuru həmin insanlarda da istər-istəməz Azərbaycana qarşı maraq oyatmamış deyildi.

Azərbaycanın adı birdən-birə Avropanın (özü də təkcə onun yox) ən nüfuzlu qəzetlərinin birinci səhifələrində, televiziya kanallarının xəbər buraxılışlarında günün əsas hadisəsi kimi yer almışdı. Mahnı müsabiqəsinin finalının ertəsi günü səhər artıq bütün Avropa Azərbaycan haqqında danışırdı. Odlar diyarı siyasətçilərin və teleaparıcıların dillərinin əzbəri olmuşdu. Adi insanlar kompyuterdə axtarış sistemlərinə "Azərbaycan" sözünü daxil edərək, bu ölkə haqqında daha çox, yaxud heç olmasa, nə isə öyrənməyə çalışırdılar.

İlk şok adi marağa, bu isə daha dərin marağa çevrildi və nəhayət, praqmatik bir sual doğurdu: gənc müstəqil Azərbaycan heç də asan olmayan bir işin - növbəti müsabiqənin təşkil edilməsi və keçirilməsinin öhdəsindən gələ biləcəkmi? KİV-də bu mövzuda ilk məqalələr dərc edilmişdir. Onların məzmunu çox müxtəlifdir: tam heyranlıq, səmimi, xeyirxah münasibət, izahedilməz həsəd, qıcıqlandırıcı, hətta təhrikçi xarakterli mövqelər müşahidə olunur. Bəziləri birdən-birə xatırlamışlar ki, Azərbaycan ənənəvi müsəlman ölkəsidir. Digərləri sanki qəflətən "yuxudan ayılmış" və çaşıb qalmışlar: necə olmuşdur ki, bu "qeyri-Avropa ölkəsi" Avropa mahnı müsabiqəsində iştirak edir? Belələrinin coğrafiyadan xəbərsiz olduqlarını söyləmək yəqin ki, sadəlövhlük olardı. Çünki bu cür muzdlu yazarlar coğrafiyanı çoxlarından qat-qat yaxşı bilirlər. Üstəlik, Azərbaycan bu mahnı müsabiqəsində ötən illərdə də üç dəfə iştirak etmiş və onun Avropa ölkəsi olub-olmaması məsələsini heç kim ortaya atmamışdı. Belə çıxır ki, Azərbaycanın həmin müsabiqədə iştirak etməsini nəhayət "görmək" və belə bir yersiz sual ortaya atmaq üçün hökmən ölkəmizin təmsilçiləri qalib gəlməli imiş. Görəsən, Azərbaycanın şahmatçıları, güləşçiləri komanda hesabında Avropada birinci yeri tutanda, Bakıda idmanın müxtəlif növləri üzrə Avropa çempionatları keçiriləndə həmin skeptiklər nə üçün belə cəfəng suallar vermirdilər?

Müxtəlif internet forumlarda birdən-birə fəallaşmış həmin skeptiklər Azərbaycanın Avropa Şurasının üzvü, yaxud da elə bizim AzərTAc-ın Avropa Xəbər Agentlikləri Alyansının - EANA-nın üzvü olmasına indiyədək nə üçün təəccüblənmirdilər? Axı onlar heç də Avropanın Alp çəmənliklərində mal-qara otarmaqla məşğul olmurlar, çox nüfuzlu kütləvi informasiya orqanlarında çalışırlar və yetərincə dünyagörüşü olan insanlardır.

Görünür, Avropa cəmiyyətində belələrinin ölkəmizin qələbəsinə bu cür reaksiya verməsinə biz də dözməli və gözləməliyik ki, onlar nəhayət, başa düşsünlər ki, hər halda, Azərbaycan Avropanın bir hissəsidir və onun təmsilçiləri də Avropa müsabiqəsində qalib gələ bilərlər. Bir sözlə, Azərbaycanın qələbəsinə Avropada bəzilərinin ilk reaksiyası gözlənilməz idisə və bu, müəyyən məyusluq doğursa da, narahatlığa əsas yoxdur. Çünki Eldar və Nigar bu müsabiqədə məhz elə Avropa ölkələrinin verdiyi səslər sayəsində birinci yerə layiq görülmüşlər. Başqa sözlə desək, bizim üçün məhz belə Avropanın rəyi, mövqeyi daha vacibdir.

İndi isə Eldar və Nigarın qələbəsinin gözlənilən olması barədə. Bundan əvvəlki üç müsabiqədə iştirak edən Azərbaycan təmsilçilərinin birinci dəfə ilk onluğa düşməsi, sonrakı iki yarışmada isə üçüncü və beşinci yerləri tutması faktının özü də çox şey deyir. Bu müsabiqəyə ilk dəfə qoşulan ölkələrin təmsilçilərinin çox qısa müddətdə belə yüksək yer tutduğu hallar bəlkə də yoxdur. Ancaq Azərbaycan duetinin qələbəsi bizim üçün böyük gözlənilməzlik olmadı. Hər şey buna doğru gedirdi. Dövlətimizin gəncliyimizə diqqət və qayğısı müqabilində Düsseldorfdakı qələbə gec-tez qazanılmalı idi. Şəxsən mənim üçün bu il mayın 14-də Düsseldorfda heç bir gözlənilməz hadisə baş vermədi. Bu əla kompozisiya, peşəkar ifa birinci yerə tamamilə layiq idi.

Eyni zamanda, Eldar və Nigarın müsabiqəyə hazırlaşmasının təşkilati işləri ilə məşğul olan insanların xidmətini də qiymətləndirmək lazımdır.

Bütün bunlarla yanaşı, Düsseldorfda qazanılmış uğur ümumən Azərbaycan dövlətinin qələbəsidir. Müsabiqənin yekununda, səsvermədə Azərbaycan təmsilçilərinə ən yüksək - 12 bal vermiş Türkiyə və Rusiyaya, bir qədər az bal vermiş keçmiş sovet respublikalarının bir neçəsinə ürəkdən minnətdarlıq edərək, onların bizə münasibətinin anlaşılan olduğunu deyə bilərik. Bəs Maltanın 12 balı, Rumıniya, Xorvatiya və San-Marinonun 10 balı, Polşa, Avstriya, Albaniya və Portuqaliyanın 8 balı, Sloveniya və Macarıstanın 7, Niderland, Finlandiya və Yunanıstanın, nəhayət, dünyada erməni diasporlarının ən fəallarından birinin olduğu Fransanın 6 balı? Bu məsələdə, xüsusən son illərdə Azərbaycanın dünyada tanıdılması sahəsində görülən məqsədyönlü işlərin böyük rolunun olması danılmazdır. İndi dünyanın əksər ölkələrində Azərbaycanı tanıyırlar, onun inkişafı və mədəniyyəti haqqında məlumatları var.
Təmsilçilərimizin Düsseldorfdakı uğurundan danışarkən Azərbaycan dövlətinin gənclər siyasətini, mədəniyyətin inkişafına diqqət və qayğısını xüsusi vurğulamaq lazımdır. Ölkə əhalisinin böyük bir hissəsini təşkil edən gənc nəslin fiziki və mənəvi baxımdan sağlam böyüməsi, yüksək təhsil alması, xalqımızın milli mənəvi dəyərləri ilə yanaşı, ümumbəşəri dəyərlərə də yiyələnməsi, bir sözlə, hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşması üçün dövlət səviyyəsində görülən ardıcıl tədbirlər bütün sahələrdə müsbət nəticələr verir. Bütün bu illər ərzində Heydər Əliyev Fondu istedadların aşkar edilməsi və onların üzə çıxarılması üzrə gərgin işin bayraqdarı olmuşdur. Fondun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ciddi nəzarət edir ki, Azərbaycanı hər yerdə yaxşıların ən yaxşısı təmsil etsin, onlar ölkədə və xaricdə çıxışlara hazırlıq prosesində heç bir çatışmazlıqla üzləşməsinlər.

Musiqi mədəniyyətinin tarixi və zənginliyi baxımından Azərbaycan dünyada ən say-seçmə ölkələrdən biridir. Bu isə bütövlükdə xalqın istedadından xəbər verir. Azərbaycanın istər xalq, istərsə də klassik musiqisi uzun illərdən bəri ən müxtəlif ölkələrin konsert salonlarında səslənir. Eldar və Nigarın valideynləri yaxşı xatırlayırlar ki, Rəşid Behbudovun, Zeynəb Xanlarovanın bir çox mahnıları, lap elə Qəmbər Hüseynlinin "Cücələrim"i vaxtilə az qala dünyanın hər yerində oxunurdu. Min illərin sınağından çıxaraq daha da cilalanmış ozan-aşıq sənətimiz, məhz Azərbaycanda özünün ən yüksək zirvəsinə yüksəlmiş muğamımız mədəniyyətimizin beynəlxalq miqyasda təbliğində əvəzsiz işlər görən Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü, milli təəssübkeşliyi sayəsində YUNESKO tərəfindən Dünya Mədəni İrsi siyahısına daxil edilmişdir.

Bəli, "Eurovision-2011"-in qalibi olan Eldar və Nigar belə bir xalqın, ölkənin təmsilçiləridir. Şübhəsiz, bu qələbəni təmin edən ən birinci amil onların şəxsi istedadıdır.

Prezident İlham Əliyevin müsabiqə başa çatandan az sonra telefonla zəng edib Eldar və Nigarı təbrik etməsi, Bakıda onlarla şəxsən görüşməsi, Azərbaycan dövlətinin və onun başçısının gənclərə qayğısının bariz nümunəsidir.

Türkiyə və Gürcüstan rəhbərlərinin Azərbaycan təmsilçilərinin "Eurovision-2011"-dəki qələbəsi münasibətilə Prezident İlham Əliyevi təbrik etmələrini də ayrıca vurğulamalıyıq. Bu, həqiqətən qürur doğuran faktdır. Yeri gəlmişkən deyək ki, Azərbaycanın müstəqilliyinin 20 illiyi münasibətilə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Moskvada keçirilən mərasimdə çıxış edən Rusiya Prezidentinin xanımı Svetlana Medvedeva da gənclərimizin böyük uğurunu xatırlatmış və Mehriban xanım Əliyevanı təbrik etmişdi.

Bir daha demək istərdik ki, Eldar və Nigarın Düsseldorfdakı uğuru dövlətimizin qələbəsidir. Hər birimiz bundan sonsuz sevinc hissi keçirmişik və fəxr edirik ki, belə istedadlı gənclərimiz var. Əgər kimlərsə bu sevinci paylaşmırlarsa, onların suyunu içib havasını udduqları Vətən torpağı üstündə gəzməyə haqları yoxdur.

Builki müsabiqə artıq tarixə çevrilmişdir və indi əsas söhbət mövzusu Azərbaycanın növbəti yarışmanı necə təşkil edəcəyi barədədir.

Şübhəsiz ki, dünyada bədxahlarımız yox deyil və onlar bu məsələdə də kölgədə qalmayacaqlar. Hərçənd, Azərbaycan belə şeylərə artıq çoxdan adət etmişdir və heç nəyə məhəl qoymadan öz yolu ilə uğurla gedir. Ancaq buna baxmayaraq, bizə paxıllıq edənlərin, bədxahlarımızın çoxunun xarici ölkələrin kütləvi informasiya vasitələrində canfəşanlıqla nümayiş etdirdikləri digər ifrat mövqe ilə razılaşa bilmirəm. Bu əməllərin mahiyyəti ondan ibarətdir ki, guya azərbaycanlıların uğurları neftin qiymətinin artması və ölkəyə pul axını ilə əlaqədardır. Əcəba, Namiq Abdullayev və Zemfira Meftahətdinova Sidney olimpiadasında qızıl medal qazananda bunun neftin bahalığına və dövlət xəzinəsinin bolluğuna nə dəxli vardı? Hələ mən Olimpiya və ikiqat dünya çempionu Fərid Mansurovun, Olimpiya çempionu, dünya çempionatının gümüş mükafatçısı, ikiqat Avropa çempionu Elnur Məmmədlinin, Pekin Olimpiya Oyunların gümüş mükafatçısı, Avropa çempionu Rövşən Bayramovun və digər idmançılarımızın qələbələrini demirəm. Belə misallardan çox göstərmək olar. Əlbəttə, mədəniyyətin, elmin və idmanın inkişafı üçün dövlət tərəfindən vəsait ayrılması həmin ölkələrin vətəndaşlarının dünya müsabiqələrində və yarışlarında çıxışlarına müsbət təsir göstərir. Lakin məgər Lüksemburq, yaxud Fars körfəzi dövlətləri kasıbdır? Yaxud başqa bir misal, Efiopiyanın nə dərəcədə "zəngin" ölkə olması məlumdur. Lakin marafon qaçışında bu ölkənin təmsilçiləri, demək olar ki, həmişə qızıl medal qazanırlar.

Bir aşkar fakt da danılmazdır ki, Azərbaycanın elm, mədəniyyət və idman sahəsində qazandığı uğurlar siyasi uğurların qanunauyğun nəticəsi və məntiqi davamıdır. Bu uğurların ən başlıcası əsl xalq hakimiyyətinə, siyasi sabitliyə, bazar iqtisadiyyatına və sosial ədalətə əsaslanan müstəqil dövlət qurulmasıdır. Şübhəsiz, bu, elə bir zəmindir ki, həmvətənlərimizin ən nüfuzlu dünya platformalarında daha mühüm qələbələrini mümkün edəcək və onların sayını artıracaqdır.

Son illərdə ölkəmizdə ən müxtəlif sahələrə aid çoxsaylı mötəbər beynəlxalq tədbirlərin çox yüksək səviyyədə təşkili dünyaya bəllidir. Əsla şübhə yoxdur ki, gələn il Azərbaycan növbəti "Eurovision" mahnı müsabiqəsinin təşkilinin də öhdəsindən layiqincə gələcək, üstəlik, bu cür tədbirlərin necə keçirilməsi və bunu necə etmək barədə bütün dünyaya nümunə göstərəcəkdir. Bu sahədə toplanmış böyük təcrübəni, xalqımıza tarixən xas olan tolerantlığı və qonaqpərvərliyi də əlavə etsək, deyə bilərik ki, Azərbaycan həmin müsabiqəyə ən yüksək səviyyədə ev sahibliyi edəcək və əvvəlki təşkilatçılardan heç də geri qalmayacaqdır.

Ölkəmizdə həmin müsabiqəyə hazırlıq işləri artıq başlanmışdır. Xarici qonaqlar Azərbaycandan ölkəmiz və xalqımız haqqında, onun ənənələri, qonaqpərvərliyi, tolerantlığı və açıqürəkli olması barədə ən xoş təəssüratlarla qayıdacaqlar. Bu isə Azərbaycanın dünyada ən böyük reklamı - xalq reklamı olacaqdır. Buna görə biz hamımız istedadlı Eldar və Nigar duetinə və onların parlaq qələbəsi üçün şərait yaradanların hamısına borcluyuq!

Xəbər lenti

Xəbər lenti