...

Azərbaycanda "Turizm ili" ilə bağlı Tədbirlər Planının icrasına başlanılıb

Cəmiyyət Materials 22 İyul 2011 10:53 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyində nazir Əbülfəs Qarayevin rəhbərliyi ilə keçirilən iclasda 2011-ci ilin "Turizm ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib.
Azərbaycanda "Turizm ili" ilə bağlı Tədbirlər Planının icrasına başlanılıb

Azərbaycan, Bakı, 22 iyul /Trend/

Mədəniyyət və Turizm Nazirliyində nazir Əbülfəs Qarayevin rəhbərliyi ilə keçirilən iclasda 2011-ci ilin "Turizm ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiqinin icrası müzakirə edilib.

Trend-in nazirliyin rəsmi saytına istinadən yaydığı məlumata görə, toplantıda nazir müavinləri, nazirliyin aparat rəhbəri, şöbə müdirləri və digər məsul əməkdaşları, Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov iştirak edib.

Nazir Əbülfəs Qarayev tədbirin məqsədi barədə məlumat verərək bildirib ki, dövlət başçısının tapşırığına əsasən, "Turizm ili" ilə bağlı Tədbirlər Planının ilkin variantı bir neçə ay əvvəl hazırlanıb. Qeyd olunub ki, "Turizm ili" bağlı Tədbirlər Planının icrası bu sahənin inkişafına əlavə təkan verəcək.

İclasda bildirilib ki, turizm proqramlarının icrası ilə bağlı cavabdehliyi Mədəniyyət və Turizm Nazirliyi daşıyır.

"Ölkə başçısının Azərbaycanda turizmin inkişafına göstərdiyi diqqət və qayğı hamımıza məlumdur. Hələ 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyi təsis edilərkən bu inkişafın istiqamətləri müəyyənləşdirilib. Mədəniyyət və turizm bir-biri ilə əlaqəli sahələrdir. Xalqımızın zəngin və dəyərli göstəricisi olaraq mədəniyyətimizin dünya miqyasına çıxarılmasında turizmin imkanlarından istifadə etməliyik. Digər tərəfdən isə turizm Azərbaycana çoxsaylı xarici qonaqlar, əlavə gəlirlər, imkanlar gətirir və mədəniyyətimiz də bundan faydalanır. Mədəniyyət və Turizm Nazirliyinin əsas fəaliyyət istiqaməti bu siyasətin üzərində qurulub", - Qarayev çıxışında deyib.

Nazir qeyd edib ki, hazırda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə III Beynəlxalq musiqi festivalı keçirilir. Bu tədbirə dünyanın bir çox ölkələrindən insanlar gəlir.

"Turizm şirkətləri də bu qonaqların gəlməsində, yerləşdirilməsində böyük fəallıq göstərirlər. Bu artıq mədəniyyətlə turizmin uzlaşması, birgə fəaliyyətidir", - Qarayev əlavə edib.

Turizm sənayesi üçün kadr hazırlığı məsələsinə toxunan nazir bildirib ki, "Turizm ili" bağlı Tədbirlər Planında bu istiqamət də əksini tapıb.

"Son vaxtlar turizm sənayesində kadr hazırlığı ilə bağlı ciddi irəliləyişlər var. Ötən həftə Turizm İnstitutunu əla qiymətlərlə bitirən bir qrup məzunu ilə görüşdüm. Milli diplomlarla yanaşı, Avstriyanın Krems Universitetinin də diplomlarını alan bu məzunlarla söhbətdən aydın oldu ki, onların hamısı artıq öz iş yerlərini müəyyənləşdiriblər. Onlar çox maraqlı yenilikləri tətbiq etməyə hazır olan bir qüvvədir. Ona görə də hesab edirəm ki, Tədbirlər Planında Azərbaycan turizm təhsilinin təkmilləşdirilməsinə dair verilən tapşırıqlar bu sahədə daha geniş işlər görməyə imkan verəcək", - Qarayev deyib.

Xəbər lenti

Xəbər lenti