...

Azərbaycanda məntəqə tipli cəzaçəkmə müəssisələrinin sayı artırılacaq

Cəmiyyət Materials 28 İyul 2011 14:53 (UTC +04:00)
Azərbaycanda məntəqə tipli cəzaçəkmə müəssisələrinin sayının artırılması ilə bağlı hökumətə təkliflər verilib.
Azərbaycanda məntəqə tipli cəzaçəkmə müəssisələrinin sayı artırılacaq

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda məntəqə tipli cəzaçəkmə müəssisələrinin sayının artırılması ilə bağlı hökumətə təkliflər verilib.

Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov Trend-ə bildirib ki, azadlığın məhdudlaşdırılması cəzasının ləğvindən sonra məntəqə tipli müəssisələrin sayının artırılması zərurəti yaranıb. Bu zərurəti nəzərə alaraq, Penitensiar Xidmət məntəqə tipli müəssisələrin sayının 14-dən 25-ə çatdırılması ilə bağlı təkliflə çıxış edib.

"Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxs vaxtından əvvəl azadlığa buraxılandan sonra azadlığın məhdudlaşdırılması cəzasının çəkildiyi xüsusi müəssisələrə göndərilirdi. Bu cəza ləğv olunduğu üçün belə məhkumlar məntəqə tipli müəssisələrə köçürüləcəklər. Ona görə də, məntəqə tipli cəzaçəkmə müəssisələrinin sayı artırılmalı və həmin müəssisələrdəki şərait dəyişdirilməlidir. Həmin müəssisələr müvafiq standartlara cavab verməli, istehsalat sahələri, infrastruktur və kommunikasiya sistemi ilə təmin olunmalıdır", - rəis müavini deyib.

Əlixanovun sözlərinə görə, həmin müəssisələr respublikanın bütün regionlarını əhatə edəcək və hər birinin ərazisinin 5 ha olması nəzərdə tutulub.

Bu müəssisələrdə məhkumların işlə təmin olunması məqsədilə istehsalat və təsərrüfat sahələrinin yaradılması da planlaşdırılır.

PX rəsmisi qeyd edib ki, hazırkı müəssisələrin çox az qismində məhkumların işlə təmin olunması üçün lazımi şərait mövcuddur, digər müəssisələrin ərazisi kiçik olduğundan və lazımi imkanlar olmadığndan həmin müəssisələrdə istehsalat sahələrinin yaradılması qeyri-mümkündür.

Əlixanov təsərrüfat sahələri üçün nəzərdə tutulan müəssisələrdə əsasən heyvandarlıq sahələrinin yaradılacağını deyib.

"Hazırda 2 məntəqə tipli müəssisədə təsərrüfatlar var. Onlardan birinin sahəsi 1000, digərinin sahəsi isə 500 hektardan artıqdır. Bu müəssisələrdə heyvandarlıq sahələri yaratmaq mümkündür", - o deyib.

Penitensiar Xidmət məhkumların işlə təmin olunması məqsədilə müəssisələrdə istehsalat və təsərrüfat sahələrinin yaradılması ilə bağlı təkliflərini Nazirlər Kabinetinə, Ədliyyə, Maliyyə və İqtisadi İnkişaf nazirliklərinə təqdim edib.

Onun sözlərinə görə, bu məqsədlə maliyyə vəsaitinin və yerlərin ayrılması məsələsi həll olunduqdan sonra proses başlayacaq.

İstehsalat sahələrinin müxtəlif istiqamətlərdə yaradılmasının nəzərdə tutulduğunu deyən rəis müavini bu məsələnin daha çox iş adamlarından asılı olduğunu qeyd edib.

Əlixanov bildirib ki, Penitensiar Xidmətin müəssisələrində istehsalat sahələri yaradan iş adamlarına vergi və digər sahələrdə güzəştlər tətbiq olunacaq.

"Bu, iş adamlarına, məhkumlara və dövlətə sərfəli olmalıdır", - Əlixanov vurğulayıb.

Azərbaycanda məhkumların təxminən 20 faizi işlə təmin olunub.

Xəbər lenti

Xəbər lenti