...

Azərbaycan paytaxtında günvuranların sayı 75-ə çatıb

Cəmiyyət Materials 29 İyul 2011 14:48 (UTC +04:00)
Azərbaycan paytaxtında günvurma diaqnozu ilə əlaqədar iyunun 4-dən bu günədək Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) 75 nəfər müraciət edib.
Azərbaycan paytaxtında günvuranların sayı 75-ə çatıb

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan paytaxtında günvurma diaqnozu ilə əlaqədar iyunun 4-dən bu günədək Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) 75 nəfər müraciət edib. Bunu cümə günü Trend-ə stansiyanın baş həkimi Mürsəl Həmidov deyib.

Onun sözlərinə görə, müraciət edənlərin 14-ü uşaqlar, qalanları cavanlar və orta nəslin nümayəndələridir. Ümumilikdə günvurma ilə əlaqədar müraciət edənlərin 22-si xəstəxanaya yerləşdirilib.

Həmidov günvurma ilə bağlı müraciət edənlərin sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə çox olmadığını da söyləyib.

Onun sözlərinə görə, paytaxtda ötən il yayda isti hava şəraiti daha çox müşahidə edilib. Bu il isə istilər demək olar ki, iyulun II yarısından müşahidə edilməyə başlayıb.

"Üç-dörd il əvvəl stansiyaya gün ərzində 400-500 nəfər müraciət edirdi. İndi gün ərzində orta hesabla 1600-1650 çağırış edilir. Ötən ilə nisbətən bu il çağırışların sayı çoxalıb. Amma mən bu artımı isti hava şəraiti və günvurma ilə əlaqələndirmək istəməzdim. Təcili tibbi yardıma ona görə çox müraciət edilir ki, əhali təcili tibbi yardım xidmətinin keyfiyyətindən razı qalır və ona inamı artıb", - baş həkim deyib.

Həmidov isti hava şəraiti ilə əlaqədar BŞTTTYS-nin gücləndirilmiş iş rejiminə keçməsinə ehtiyac olmadığını da söyləyib.

Baş həkimin bildirdiyinə görə, ştat cədvəlinə uyğun olaraq, hər gün 140 briqada işləməlidir və bu briqadalar da gecə-gündüz işləyir. O, bu briqadaların sayının əhalinin sayına uyğun olduğunu deyib.

Xəbər lenti

Xəbər lenti