...

Bakıda yeni sağlamlıq mərkəzi istifadəyə veriləcək

Cəmiyyət Materials 6 Avqust 2011 11:24 (UTC +04:00)
Ölkə Prezidentinin sərəncamı ilə inşa olunan Bakı Sağlamlıq Mərkəzi 2012-ci ildə istifadəyə veriləcək. Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən bildirilib.
Bakıda yeni sağlamlıq mərkəzi istifadəyə veriləcək

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir İ.İsabalayeva/

Ölkə Prezidentinin sərəncamı ilə inşa olunan Bakı Sağlamlıq Mərkəzi 2012-ci ildə istifadəyə veriləcək. Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən bildirilib.

Nazirlikdən deyilib ki, hazırda mərkəzin inşası aparılır.

Köhnə Bakı şəhər Onkoloji Dispanserin 1,4 hektarlıq ərazisində inşa edilən Bakı Sağlamlıq Mərkəzində ən müasir avadanlıq və ən son elmi-texniki yeniliklər tətbiq ediləcək. Bu mərkəz paytaxtın ən böyük tibb ocaqlarından biri olacaq.

Bakı Sağlamlıq Mərkəzi 2 korpusdan ibarət olacaq. Tikintinin ümumi sahəsi 45 min kvadrat metrdir. Səhiyyə ocağında qəbul, gözləmə və qeydiyyat şöbəsi, mərkəzi sterilləşdirmə bloku, qan bankı və laboratoriyalar yerləşəcək.

Laboratoriyalarda klinik-hemotoloji, biokimyəvi-immunoloji və klinik-mikrobioloji analizlər aparılacaq. Altımərtəbəli korpusda məsləhət kabinetləri, şüa diaqnostika, funksional diaqnostika, endokrinoloji, terapiya, reabilitasiya, tibbi bərpa və s. şöbələr yerləşəcək. Cərrahiyyə əməliyyatları da bu korpusda aparılacaq.

Cərrahiyyə şöbəsi 123, reanimasiya və intensiv terapiya şöbəsi isə 30 çarpayılıq olacaq.

Bakı Sağlamlıq Mərkəzindəki 12 mərtəbəli doğum korpusunda ginekoloji şöbə 50, fizioloji doğum şöbəsi isə 105 çarpayılıq olacaq.

Mərkəzin tikintisi üçün Prezidentin Ehtiyat Fondundan 10 milyon manat vəsait ayrılıb.

Xəbər lenti

Xəbər lenti