...

Azərbaycanda son vaxtlar törədilmiş ağır cinayətlərin üstü açılıb

Cəmiyyət Materials 8 Avqust 2011 16:16 (UTC +04:00)
Azərbaycanda son vaxtlar törədilmiş ağır cinayətlərin açılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Azərbaycanda son vaxtlar törədilmiş ağır cinayətlərin üstü açılıb

Azərbaycan, Bakı, 8 avqust /Trend/

Azərbaycanda son vaxtlar törədilmiş ağır cinayətlərin açılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Trend-in Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə məlumatına istinadən bildirdiyinə görə, son vaxtlar baş vermiş ağır və xüsusilə ağır, eləcə də geniş ictimai rezonans doğurmuş cinayətlərin açılması və təqsirkar şəxslərin tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində bir sıra uğurlu əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilib.

Belə ki, avqustun 2-də Quba rayonunun Xucbala kənd sakini Rəşid Xudaverdiyev Xaçmaz rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, onunla birgə yaşayan oğlu Cümşüd iyulun 30-da özünə məxsus "Hyundai-Santafe" markalı avtomaşınla evdən çıxıb və geri qayıtmayıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Cümşüd Xudaverdiyevin bıçaqla qətlə yetirilmiş meyiti həmin gün Nabran kəndindən Tel kəndinə gedən yolun kənarından tapılıb.

Faktla bağlı başlanmış cinayət işi üzrə prokurorluq və daxili işlər orqanları əməkdaşlarının birgə həyata keçirdikləri tədbirlər nəticəsində cinayəti tamah məqsədi ilə törətmiş Qəbələ rayon sakini Sərxan Fərzəliyev tutularaq istintaqa cəlb edilib.

Daha bir ağır cinayət hadisəsi Xızı rayonunda qeydə alınıb. Avqustun 5-də rayonun Yarımca kəndi ərazisindəki otlaq sahəsində, Altıağac qəsəbə sakini Yusif Əliyevin odlu silahdan açılmış atəşlə qətlə yetirilmiş meyiti aşkar olunub.

"İsti izlər"lə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində qətli törətmiş Hikmət Əliyev tutulub və ondan cinayətin aləti olan 1 ədəd ov tufəngi götürülüb.

Hər iki fakt üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti