Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir T.Hacıyev/
Azərbaycan hökuməti hərbi qulluqçulara müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi qaydalarına dəyişiklik edib. Trend-in nazirlər kabinetinə istinadən verdiyi məlumata görə, baş nazir Artur Rəsizadə qərar imzalayıb.
Qərara əsasən, "Hərbi qulluqçulara (hərbi təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında" Nazirlər Kabinetinin 2006-cı ilin 13 iyul tarixli qərarına dəyişiklik edilib.
Qərarın birinci abzasında dəyişiklik edilib və abzas aşağıdakı kimi redaktə edilib.
"Yaşayış yeri olmayan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və hərbi təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün ayrı-ayrı yaşayış məntəqələri üzrə hər ay aşağıdakı qaydada kompensasiya ödənilir".
Bakı şəhərində şərti maliyyə vahidi məbləğinin 43 misli miqdarında, başqa şəhər və rayon mərkəzlərində şərti maliyyə vahidi məbləğinin 30 misli miqdarında, digər yaşayış məntəqələrində isə şərti maliyyə vahidi məbləğinin 25 misli miqdarında.
Bundan əlavə beşinci abzasından "Adları çəkilən" sözləri çıxarılıb və qərarın 1.2. 2-ci hissəsindəki "2006-cı ilin dövlət büdcəsində" sözləri "hər il üçün təsdiq olunan dövlət büdcəsində" sözləri ilə əvəz edilib.