Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir T.Hacıyev/
2010-cu il noyabrın 7-də keçirilmiş parlament seçkilərində 89 saylı Ağdaş-Göyçay seçki dairəsinin seçki məntəqələrində seçki komissiyalarının fəaliyyətini pozmuş Vidadi İsgəndərov barəsində cinayət işinin məhkəmə baxışı avqust ayının 10-da Göyçay rayon məhkəməsində davam etdirilib.
Trend-in məlumatına görə, məhkəmə baxışı İsgəndərov və onun vəkilinin növbəti vəsatətləri ilə başlanıb, lakin həmin vəsatətlər əsassız olduğundan məhkəmə tərəfindən rədd edilib.
Bundan sonra İsgəndərov məhkəmə prosesini pozmağa yönəlmiş növbəti hərəkətlər edib. O, icazəsiz ayağa qalxaraq zalda oturan tərəfdarlarına müraciət edib qışqıra-qışqıra bəyan etmişdir ki, "bu dövlətlə biz bir-birimizə düşmənik, əminəm ki, ermənilər, Ter-Petrosyan mənim haqq səsimi eşidəcəklər. Bəyan edirəm ki, mən Vətən xainiyəm, mənim ali məqsədim bu dövləti biabır etməkdir".
Dövlət ittihamçısının etirazından sonra Vidadi İsgəndərovun hərəkətləri dayandırılıb və proses davam etdirilib.
Məhkəmədə dindirilmiş şahidlər Rövşən Mirsaadov, Cahangir Tehmirov və Faiq İlyasov göstəriblər ki, seçki günü onlar 2 saylı məntəqənin yaxınlığında ictimai asayişi qorunub, deputatlığa namizəd İsgəndərov öz tərəfdarları ilə birlikdə məntəqəyə daxil olduqdan sonra seçki pozulduğundan məntəqə sədri tərəfindən onlar məntəqəyə dəvət olunub və İsgəndərovun seçkini pozmasının, onun tərəfindən komissiya üzvlərinin hədələnmələrinin və təhqir olunmalarının, həmçinin seçki bülletenlərinin oğurlanmasına cəhd edilməsinin şahidi olublar. İsgəndərovun hərəkətləri nəticəsində məntəqədə bir saata qədər seçki prosesi dayandırılıb. Yalnız onların müdaxiləsindən sonra İsgəndərov seçki məntəqəsini tərk edib.
Şahidlərin həmin ifadələrindən sonra İsgəndərov daha da qeyzlənərək yenidən onlara qarşı hədələrə əl atdı və məhkəmə zalında bağıraraq elan etdi ki, "mən azadlığa çıxanda mənim üzümə duran şəxslərin başlarını qılıncla kəsdirəcəm".
Vidadi İsgəndərovun bu bəyanatı onun zalda oturan tərəfdarlarını sanki hərəkətə gətirdi və özünü Naxçıvandan gəlmiş hüquq müdafiəçisi kimi təqdim edən Kəmalə Xəlilova da şahidləri söyüb təhqir etməyə başladı.
Sədrlik edən tərəfindən məhkəmədə qayda bərpa edildikdən sonra növbəti məhkəmə iclasının müdafiə tərəfinin sübutlarının araşdırılması ilə davam etdiriləcəyi elan olundu.
Vidadi İsgəndərov: "Mən azadlığa çıxanda mənim üzümə duran şəxslərin başlarını qılıncla kəsdirəcəm"
Vidadi İsgəndərov: "Mən azadlığa çıxanda mənim üzümə duran şəxslərin başlarını qılıncla kəsdirəcəyəm".
