...

Bu il Azərbaycana gələcək əcnəbi vətəndaşların statistikası açıqlanıb

Cəmiyyət Materials 15 Avqust 2011 12:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir T.Hacıyev/

Bu il Azərbaycana gələn əcnəbi vətəndaşların sayının 2 milyonu ötəcəyi gözlənilir. Trend-in məlumatına görə, bu barədə hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına müsahibəsində Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov bildirib.

Onun sözlərinə görə, 2010-cu il ərzində Azərbaycana gələn əcnəbi vətəndaşların sayı 1.962.906 nəfər təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,2% çoxdur.

Qrbanov bildirib ki, "Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair" Dövlət Proqramının uğurla həyata keçirilməsi turizmin inkişafına güclü təkan verib.

"Əgər 2001-ci ildə ölkəmizdə 18 turizm müəssisəsi fəaliyyət göstərirdisə, 2010-cu ildə bu rəqəm təxminən 12 dəfə artaraq 212-ə çatmışdır. 2001-ci ildə ölkədə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin sayı 93 olduğu halda, bu göstərici 5 dəfədən çox artaraq 2010-cu ilin yekunlarına görə 499-a çatıb. Hazırda respublikada 50-dən çox yeni mehmanxana inşa olunur və bu ilin sonunadək təkcə paytaxtda 6 yeni beynəlxalq brendli beşulduzlu mehmanxananın istifadəyə verilməsi planlaşdırılır." - o əlavə edib.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, 2011-ci il Azərbaycanda turizm ili elan olunub.

Xəbər lenti

Xəbər lenti