...

Azərbaycan gözdən əlillərin beynəlxalq festivalında iştirak edir

Cəmiyyət Materials 22 Avqust 2011 11:02 (UTC +04:00)
"Robinzonlar adası" - bu gün Həştərxan vilayətində açılan gözdən əlillərin 4-cü beynəlxalq reabilitasiya festivalı belə adlanır.
Azərbaycan gözdən əlillərin beynəlxalq festivalında iştirak edir

Azərbaycan, Bakı, 22 avqust /Trend/

"Robinzonlar adası" - bu gün Həştərxan vilayətində açılan gözdən əlillərin 4-cü beynəlxalq reabilitasiya festivalı belə adlanır. Trend-in məlumatına görə, vilayətin Sosial İnkişaf və Əmək Nazirliyindən bildiriblər ki, festivala Azərbaycan, Qazaxıstan, Mari El Respublikası, Tatarıstan, Perm diyarı, Volqoqrad, Lipetsk, Ryazan, Saratov, Tver, Ulyanovsk və Həştərxandan olan komandalar toplaşıblar.

"Tədbirin keçirilməsində məqsəd görmə qabiliyyətindən məhrum olan əlillərin adaptasiyasına, onların vətəndaş mövqeyinin inkişafı və cəmiyyətin tam dəyərli üzvü kimi öz-özünü dərk etməsinə yardım etməkdir. Festivalın mühüm sosial əhəmiyyəti nəzərə alınaraq, onun keçirilməsinə 100 min rubldan çox vəsait ayrılıb", - nazirlikdən deyiblər.

Yeddi gün ərzində festival iştirakçıları Volqa adalarından birində "robinzonlara" çevriləcəklər. Onlar öz aralarında balıq tutmaq, balıq şorbası hazırlamaq, balıq mövzusunda keçirilən viktorina və müsabiqələrdə, qayıqla yarışda, əraziyə uyğunlaşdırılan idman estafetlərində iştirak edəcəklər.

Hər bir komandaya mütləq bir nəfər görmə qabiliyyəti olan şəxs daxil olacaq. O, əlaqələndirici rolunu ifa edəcək. Eksterimal şəraitlərdə gözdən əlillər həyat üçün təhlükəli olan vəziyyətlərə düşə bilərlər. Heç bir fövqəladə hadisənin baş verməməsi üçün adada festival günlərində FHN mütəxəssisləri və həkimlər növbə çəkəcəklər.

"Robinzonlar adası" Ümumrusiya festivalı ilk dəfə altı il əvvəl Həştərxanda keçirilib və o vaxtdan bəri hər iki ildən bir təşkil olunur. Festival 2007-ci ildən beynəlxalq status alıb.

Xəbər lenti

Xəbər lenti