...

Azərbaycan Səhiyyə Nazirliyi çörəklərin isti halda daşınması və satışa çıxarılmasını tövsiyə etmir

Cəmiyyət Materials 26 Avqust 2011 12:12 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi yaxın günlərdə ticarət mərkəzlərində çörək və un məmulatlarının təhlükəsizlik göstəricilərini yoxlamağa başlayacaq.
Azərbaycan Səhiyyə Nazirliyi çörəklərin isti halda daşınması və satışa çıxarılmasını tövsiyə etmir

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi yaxın günlərdə ticarət mərkəzlərində çörək və un məmulatlarının təhlükəsizlik göstəricilərini yoxlamağa başlayacaq. Bunu cümə günü Trend-ə RGEM-in qidalanma bölməsinin müdiri İmran Abdullayev deyib.

Onun sözlərinə görə, indiyədək keçirdikləri yoxlamalar zamanı çörəyin təhlükəsizlik göstəriciləri ilə bağlı bəzi problemlər ortaya çıxıb. Bu problemlər isə əsasən yay aylarında çörəkdə kartof xəstəliyinin aşkarlanması ilə bağlıdır.

"Kartof xəstəliyi olduqda çörəkdə yapışqanlıq olur, ondan xoşagəlməz iy gəlir. Çörəkdə kartof xəstəliyinin olması yay aylarındakı hava şəraiti ilə əlaqədardır. Amma indiyədək apardığımız müayinələr zamanı çörəyin tərkibindəki digər göstəricilər normada olub", - Abdullayev deyib.

O qeyd edib ki, çörək sexlərinin iş şəraiti ilə bağlı da bəzi problemlər var. Müasir tələblərə cavab verən çörək zavodları və sexləri istisna olmaqla, sexlərin əksəriyyətində çörəyin daşınması düzgün həyata keçirilmir.

Abdulleyev bildirib ki, çörəklərin həm qablaşdırılmış, həm də qablaşdırılmamış şəkildə satılmasına icazə verilir. Amma çörək qablaşdırılmamış şəkildə satıldıqda onun tələblərə uyğun daşınmasına daha çox diqqət yetirmək lazımdır.

"Sovet dövründə də çörəklər qablaşdırılmamış şəkildə satılırdı. Amma həmin vaxtlar çörəklər tam ixtisaslaşdırılmış maşınlarda, xüsusi taxta qablarda daşınırdı. Amma indi çörəklər adi maşınlarda da daşınır. Əgər çörək "Jiquli"də gətirilibsə, mağaza onu qəbul etməməlidir", - RGEM rəsmisi əlavə edib.

Abdullayev onu da qeyd edib ki, əslində, çörəklərin isti halda daşınması və satışa çıxarılması düzgün deyil. Çörəklər bişdikdən 4-5 saat - tam soyuduqdan sonra daşınmalı və satışa qoyulmalıdır.

Bölmə müdirinin sözlərinə görə, həm çörək, həm də digər ərzaq məhsulları mağazalara qaimələr əsasında təhvil verilməlidir. Bu halda müvafiq orqanların məhsulların keyfiyyətinə nəzarəti də asanlaşar.

Xəbər lenti

Xəbər lenti