...

Azərbaycan Mətbuat Şurası şikayətləri araşdırıb

Cəmiyyət Materials 26 Avqust 2011 17:21 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının cümə günü keçirilən iclasında 4 məsələ araşdırılaraq müvafiq rəylər çıxarılıb.
Azərbaycan Mətbuat Şurası şikayətləri araşdırıb

Azərbaycan, Bakı, 26 avqust /Trend/

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının cümə günü keçirilən iclasında 4 məsələ araşdırılaraq müvafiq rəylər çıxarılıb. Trend-in məlumatına görə, bu barədə Şuranın yaydığı məlumatda bildirilir.

İclasda "Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu" İctimai Birliyinin "Yeni Azərbaycan" qəzetində bu qurum və onun rəhbəri barədə gedən "Hüquq pozan "hüquq müdafiəçisi" sərlövhəli məqalə ilə bağlı müraciətinə baxılıb. Həmçinin "Azadlıq" qəzetinin dərc etdiyi məqalə ilə bağlı Azərbaycan Mətbuat Şurasının tövsiyə və iradlarından nəticə çıxarmamasını əsas götürərək mətbu nəşrə MŞ-nin xəbərdarlığının elan olunması barədə rəyə gəlinib. Məsələ ilə əlaqədar yekun qərar Şuranın İdarə Heyətində aparılacaq müzakirələrdən sonra qəbul ediləcək.

İclasda "Qanun: izah və şərhlər" qəzeti ilə bağlı məsələnin MŞ-nin "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasında da araşdırılması məqsədəuyğun sayılıb. Şikayətçi - Sabirabad rayon İcra Hakimiyyətinin şöbə müdiri İlham Əsgərov tərəfindən təqdim olunan materiallar və müzakirənin gedişi buna əsaslar verib.

Həmçinin, iclasda Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin "Yeni xəbər" qəzeti ilə əlaqədar müraciətinə baxılması Komissiyanın tərəflərə iradları ilə yekunlaşıb. Nəşrin baş redaktoru İlqar Salmanlının nəzərinə çatdırılıb ki, bu sayaq anonsların verilməsində və mövzu ilə bağlı sonradan nəşr olunan materialda "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın tələbləri gözlənilməyib, Agentliyə isə media ilə işin təşkilinin təkmilləşdirilməsi tövsiyə olunub.

Xəbər lenti

Xəbər lenti