Qauden Qalea: Azərbaycanın qoşulduğu sənəd tütün istehsalı sahəsində nəzarətin saxlanması üçün vacib sənəddir

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanın 2005-ci ildə qoşulduğu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tütünə qarşı mübarizə ilə bağlı sənədi tütün istehsalı sahəsində nəzarətin saxlanılması üçün ən vacib sənəddir. Trend-in məlumatına görə, bunu Avropa Regional Komitəsinin qeyri-infeksion xəstəliklər və əhalinin sağlamlığı bölməsinin rəhbəri Qauden Qalea bu gün Bakıda ÜST-nin Avropa Regional Komitəsinin 61-ci sessiyası ilə əlaqədar keçirilən brifinqdə deyib.
Qalea bildirib ki, bu konvensiyaya görə, ölkələr tütünlə mübarizə üçün əsas 5 fəaliyyəti təşkil etməlidirlər.
"Tütündən istifadə hallarını azaltmaq üçün onun qiyməti artırılmalı, tütün qutuları üzərində sağlamlığın qorunması ilə bağlı xəbərdarlıqlar yerləşdirilməli, siqareti atmaq istəyən insanlara köməyin təklif edilməsi, ictimai yerlərdə siqaretdən azad zonaların yaradılması vacibdir", - o əlavə edib.
Qalea deyib ki, amma MDB ölkələrinin heç biri bunları tam yerinə yetirməyib.
Onun sözlərinə görə, spirtli içkilərin istehlakına da müəyyən məhdudiyyətlər olmalıdır. Bu içkilərin qiymətlərinin artırılması, onların kimə və necə satılması üçün tədbirlər hazırlanmalıdır.
ÜST rəsmisi qeyd edib ki, bütün bunlara əməl edilərsə, ölkələrdə yol qəzaları və insan ölümü halları azalar.