...

İçərişəhərin şəhərsalma və təsərrüfat fəaliyyəti üçün istifadəsi məhdudlaşdırılıb

Cəmiyyət Materials 26 Sentyabr 2011 11:22 (UTC +04:00)
Nazirlər Kabineti "İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının şəhərsalma və təsərrüfat fəaliyyəti üçün istifadəsini məhdudlaşdırıb.
İçərişəhərin şəhərsalma və təsərrüfat fəaliyyəti üçün istifadəsi məhdudlaşdırılıb

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir T.Hacıyev/

Nazirlər Kabineti "İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının şəhərsalma və təsərrüfat fəaliyyəti üçün istifadəsini məhdudlaşdırıb.

Nazirlər Kabinetinin qərarı ilə "İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında əsasnamə təsdiq olunub. Trend-in məlumatına görə, əsasnamədə göstərilib ki, zonanın müəyyən edilməsində əsas məqsəd YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin tarixi-mədəni irsinin mühafizəsini, Qoruq ərazisində yerləşən abidələrin bədii-estetik görkəmini, onların təhlükəsizliyini, funksional təyinatını və uzunömürlülüyünü təmin etməkdir.

Zonada həyata keçirilən işlər Qoruğun statusuna, inkişaf konsepsiyasına, ümumi memarlıq kompozisiyasına uyğun olmalı və Qoruğun mövcud həcm-məkan ölçülərini pozmamalıdır.

Sənəddə o da qeyd olunub ki, İçərişəhərdə yerləşən torpaq sahəsi dövlət mülkiyyətindədir və onun bələdiyyəyə və ya xüsusi mülkiyyətə verilməsinə yol verilmir.

Yeni sənəddə İçərişəhərdə aparılacaq tikinti-quraşdırma işlərinə də aydınlıq gətirilib. Qeyd olunub ki, zonada yerüstü və yeraltı abidələr üçün təhlükə yarada bilən torpaq, söküntü, tikinti-quraşdırma, yenidənqurma, abadlıq və təmir işlərinin (bundan sonra inşaat-təmir işləri) aparılmasına yol verilmir. Zonanın ərazisində Qoruğun qala divarlarının, dünya və ölkə əhəmiyyətli abidələrin qarşısında yeni bina və tikililərin inşası da qadağandır.

Nazirlər Kabinetinin qəbul etdiyi sənəddə qeyd olunub ki, İçərişəhərdə inşaat-təmir işləri aparan fiziki və hüquqi şəxslər arxeoloji tapıntı, yaxud abidə aşkar etdikdə, işləri dərhal dayandırmalı, bu barədə müvafiq nazirliyə, Bakı şəhər İcra Hakimiyyətinə, İdarəyə və Azərbaycan Milli Elmlər Akademiyasına məlumat verməlidirlər. Bu halda görülməsi nəzərdə tutulmuş işlər Azərbaycan Milli Elmlər Akademiyasının və mütəxəssislərin rəyi əsasında nazirliyin icazəsi ilə davam etdirilə bilər. Nazirliyə və İdarəyə tədqiqat işləri barədə hesabat, abidə, əşya və ya başqa tapıntı aşkar edildikdə isə onun koordinatları və fotoşəkilləri təqdim olunur.

Xəbər lenti

Xəbər lenti