Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Təhsil Nazirliyi ilk dəfə olaraq, bu il peşə təhsili müəssisələrindəki vakant müəllim və usta yerlərinə işə qəbul üçün müsabiqə keçirəcək. Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov çərşənbə günü Trend-ə bildirib ki, müsabiqənin keçirilməsi üçün elan sentyabrın 29 və ya 30-da açıqlanacaq.
Bu həftənin sonundan başlayaraq, müsabiqədə iştirak etmək istəyən namizədlər üçün sənəd qəbuluna başlanacaq. Sənəd qəbulu təxminən 10 gün davam edəcək.
Məmmədov bildirib ki, müsabiqə usta və ümumtəhsil fənn müəllimləri işləmək istəyənlər üçün keçiriləcək. Müsabiqədə iştirak edəcək müəllimlərin biliyi test imtahanı ilə müəyyənləşdiriləcək.
Nazirlik rəsmisi hazırda peşə təhsili müəssisələrində təqribən 100 vakant müəllim və usta yeri olduğunu deyib.
Test imtahanın keçirilmə tarixi sənəd qəbulu bitdikdən sonra açıqlanacaq.
Hazırda Azərbaycanda 108 peşə təhsili müəssisəsi fəaliyyət göstərir. Onlardan 47-si peşə liseyi, qalanları isə peşə məktəbidir. Respublikanın peşə təhsili müəssisələrində 101 peşə öyrədilir.