...

Azərbaycana daimi yaşamaq üçün gələn əcnəbilər dövlət dilindən imtahan verə bilərlər

Cəmiyyət Materials 29 Sentyabr 2011 12:24 (UTC +04:00)
Milli Məclisin deputatı Azərbaycana daimi yaşamaq üçün gələn əcnəbilərin dövlət dilindən imtahan verməsini təklif edir.
Azərbaycana daimi yaşamaq üçün gələn əcnəbilər dövlət dilindən imtahan verə bilərlər

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Milli Məclisin deputatı Azərbaycana daimi yaşamaq üçün gələn əcnəbilərin dövlət dilindən imtahan verməsini təklif edir.

Millət vəkili Qüdrət Həsənquliyev cümə axşamı Trend-ə bildirib ki, inkişaf etmiş dövlətlərdə belə bir təcrübə var və bunun tez bir zamanda Azərbaycanda da tətbiqi zəruridir.

"Bütün inkişaf etmiş dövlətlərdə həmin ölkəyə gələn əcnəbilərə yaşamaq hüququ həmin ölkənin dövlət dilini bildiyi halda verilir. Azərbaycanda da bu məsələyə diqqət artırılmalıdır", - Həsənquliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşlığına qəbulun şərtlərində dövlət dilini bilmək vacib şərt hesab olunduğu kimi, daimi yaşamaq hüququ üçün də bu şərt qoyulmalıdır.

"Azərbaycana daimi yaşamaq üçün gələn əcnəbilər üçün dil kursları təşkil olunmalı, onlar Azərbaycan dilində danışığı öyrəndikdən sonra imtahan verərək bu hüququ əldə etməlidirlər. Bu hal əcnəbi iş adamlarına şamil edilməməlidir. Dövlət dilimizin inkişaf etdirilməsi, ona hörmət olunmasını istəyiriksə, bunu mütləq etməliyik, başqa alternativimiz yoxdur", - millət vəkili deyib.

O qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı dövlət dilinə ehtiramla, hörmətlə yanaşmalıdır ki, başqalarının da dilimizə hörmət etməsinə nail olaq.

Bir müddət əvvəl Rusiya Federasiyasının Dövlət Dumasının rəhbəri bu ölkəyə gələn miqrantların rus dilindən imtahan verməsi təklifi ilə çıxış edib. O bildirib ki, rus dilini bilməyənlərə bu ölkədə miqrant statusu verilməməlidir.

Xəbər lenti

Xəbər lenti