...

Azərbaycanın daha bir GSM operatoru 3G şəbəkəsi xidmətləri üçün tezlik alıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 3 Oktyabr 2011 15:33 (UTC +04:00)
Azərbaycanın Radiotezliklər üzrə Dövlət Komissiyası "Azercell Telekom" mobil rabitə operatoruna 3G standartında rabitə xidmətlərinin göstərilməsi üçün tezlik resurslarının verilməsi barədə müsbət qərar qəbul edib.
Azərbaycanın daha bir GSM operatoru 3G şəbəkəsi xidmətləri üçün tezlik alıb (ƏLAVƏ OLUNUB)

Dördüncü abzasdan sonra əlavə olunub (ilk xəbər 12:54-də yayılıb).

Azərbaycan, Bakı, 3 oktyabr /Trend müxbir H.Vəliyev/

Azərbaycanın Radiotezliklər üzrə Dövlət Komissiyası "Azercell Telekom" mobil rabitə operatoruna 3G standartında rabitə xidmətlərinin göstərilməsi üçün tezlik resurslarının verilməsi barədə müsbət qərar qəbul edib. Bu barədə bazar ertəsi Trend-ə Dövlət Radiotezliklər İdarəsindən məlumat verilib.

Söhbət operatora 1900-2100 Mhz tezlik resurslarının verilməsindən gedir. Analoji tezliklərdə hazırda Azerfon şirkəti 3G rabitə xidmətləri təqdim edir.

Hələ ki Bakcell şirkətinə müvafiq icazə verilməyib.

İdarədən bildirildiyinə görə, növbəti mərhələdə təcrübi istismarda yeni şəbəkəni işə salmaq üçün Azercell şirkətinin hazırlığı məsələsi dayanır.

Tezlik resurslarının mövcudluğu 3G standartının yerləşdirilməsində ilk addımdır. Bu barədə bazar ertəsi Trend-ə Azercell-in Korporativ işlər şöbəsinin rəhbəri Ülviyyə Həsənzadə məlumat verib.

Onun sözlərinə görə, yaxın vaxtlarda şirkətin 3G şəbəkəsinin yerləşdirilməsi barədə lisenziya alması gözlənilir.

"Lisenziya alan kimi ən qısa vaxtda nəinki Bakı və Abşeron yarımadasını, Azərbaycanın digər rayonlarını da üçüncü nəsil şəbəkəsi ilə təmin edəcəyik", - Həsənzadə deyib.

Azercell şirkəti daha əvvəl lisenziya almaq üçün bütün lazımi sənədləri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim edib. Şirkət həmçinin sistemi test rejimində sınaqdan keçirib.

Lisenziyanın hökumət tərəfindən müəyyənləşdirilən rəsmi dəyəri 11 min manat təşkil edir.

Hazırda 3G standartında rabitə xidməti göstərmək üçün lisenziyaya yalnız Azerfon şirkəti malikdir.

Lisenziya alan operatorlar infrastruktura xeyli vəsait qoymalı olacaqlar. Onlar bütün şəbəkə avadanlığını, kommutatorları və baza stansiyalarını modernləşdirməlidirlər.

Xəbər lenti

Xəbər lenti