Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Avstriya Prezidentinin Azərbaycana səfəri ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bu barədə Trend-ə Bakı şəhər Dövlət Yol Polisinin İctimaiyyətlə əlaqələr bölməsinin inspektoru Razi Zeynalov bildirib.
Onun sözlərinə görə, Avstriya Prezidenti Haynts Fişerin Azərbaycana səfəri ilə əlaqədar bu gün saat 14:00-dan Aeroport şossesi, Heydər Əliyev prospekti, Böyük şor sossesi, 10-cu Zavod yolu, Yusif Səfərov, Üzeyir Hacıbəyov küçələri, Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, Azneft meydanı, Niyazi, İstiqlaliyyət küçələri, 10-cu Park, Lermantov, Teymur Elçin, M.Hüseyn küçələri, Parlament, H.Cavid, İnşaatçılar prospektləri və İzmir küçəsi istiqamətlərində avtomobillərin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.
Oktyabrın 12-də saat 08:30-dan səfər başa çatanadək İzmir, Bakıxanov, C.Hacıbəyli, Vaqif küçələri, Qələbə meydanı, F.Xoyski, T.Rəhimov, Qədirbəyov küçələri, Xətai prospekti, Dəmirçizadə küçəsi, Heydər Əliyev prospekti, Aeroport, Mərdəkan, Buzovna, Zağulba şosselərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bakı Yol Polisi sürücülərdən göstərilən yollar üzrə avtomobillərin parklandırılmamasını, şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadəni və bu istiqamətlərdə nəqliyyat sıxlığının yaranmaması üçün alternativ yollarla hərəkət etməyi xahiş edir.